Paris sülh müqavilələri (1947) (fransızca: Traités de Paris) — İkinci Dünya müharibəsinin 1945-ci ildə sonlanmasından sonra 10 fevral 1947-ci ildə imzalanan müqavilələrdir. Paris Sülh Konfransı 1946-cı ild 29 iyuldan 15 oktyabr 1946-cı ilə qədər davam etmişdir. Konfransda keçmiş müharibədəki əsas müttəfiq dövlətlər — Fransa, Böyük Britaniya, ABŞ və Sovet İttifaqı keçmiş Almaniya müttəfiqləri olan, lakin müharibənin sonlarına yaxın tərəf dəyişdirərək ona müharibə elan etmiş İtaliya, Rumıniya, Macarıstan, Bolqarıstan və Finlandiya ilə imzalanmalı müqavilələrin maddələrini müzakirə etmişdilər. Bu dövlətlərə beynəlxalq münasibətlər sistemində özlərini suveren dövlət kimi mövcudiyyətlərini davam etdirməyə və BMT-ə üzv olmağa haqq verildi. Həmçinin Paris sülh müqavilələri Almaniya ilə Sovet İttifaqı arasında müharibənin başlamasından əvvəl imzalanmış və Sovet İttifaqını Almaniyanın Avropadakı işğallarının birinci mərhələsində onun de-fakto müttəfiqi olmasına yol açan Molotov-Ribbentrop Paktını görməzdən gəldi. Bu paktın gizli maddələri əsasıında Polşanın sovetlər və nasistlər arasında paylaşdırılması, Latviya, Estoniya və Litva da daxil olmaqla, bir çox ölkənin işğalı, Finlandiya, Rumıniya kimi dövlətlərin bir hissəsinin ilhaqı nəzərdə tutulmuşdu. Bu pakt faktiki olaraq Paris Sülh Konfransı (1919–1920) zamanı formalaşdırılmış sərhədlərin dəyişdirilməsinə yol açdı və 23 avqust 1939-cu ildə imzalandı. Bundan bir həftə sonra İkinci Dünya müharibəsi Almaniyanın Polşanı işğal etməsi ilə başladı. 1941-ci ilə qədərki iki il ərzində Almaniya və Sovet İttifaqı Şərqi Avropadakı dövlətlərin sərhədlərini müvafiq olaraq dəyişdirdilər.
Sülh müqavilələrinə müharibə təzminatlarının müəyyənləşdirilməsi, milli azlıqların hüquqları və ərazi dəyişiklikləri daxil idi. Bu ərazi dəyişiklikləri nəticəsində Şimali Afrika, Şərqi Afrika, Yuqoslaviya, Yunanıstan və Albaniyadakı İtaliya koloniyal imperiyasına son qoyuldu, eyni zamanda İtaliya-Yuqoslaviya, Macarıstan-Çexoslovakiya, Sovet İttifaqı-Rumıniya, Macarıstan-Rumıniya, Fransa-İtaliyya və Sovet İttifaqı-Finlandiya sərhədlərinə dəyişikliklər edildi. Müqavilələr həmçinin müxtəlif dövlətləri müharibə cinayətləri ilə bağlı mühakimə olunmaq üçün müttəfiq dövlətlərə təqsirləndirilən hərbi cinayətkarları təhvil verməyə məcbur edirdi.
Hazırlıq 1945-ci ilin iyulunda SSRİ, ABŞ, Böyük Britaniya, Fransa və Çin nümayəndələrinin Berlin-Roma-Tokio Oxu ölkələri və Almaniyanın özü ilə sülh müqavilələri layihələrini hazırlaması üçün Xarici İşlər Nazirləri Şurası (XİNŞ) yaradıldı. Potsdam konfransında 4-3-2 prinsipi qəbul edilmişdi: Almaniyanın keçmiş müttəfiqi olan ölkələrin hər biri ilə müqavilə layihəsinin hazırlanması zamanı onunla birbaşa atəşkəs müqaviləsi və ya kapitulyasiya şərtləri imzalayan dövlətlər iştirak etməli idi (Fransa İtaliyanın kapitulyasiya şərtlərini imzalayan ölkə kimi çıxış edirdi). Belə ki, İtaliya ilə müqavilənin hazırlanmasında 4 ölkə (SSRİ, ABŞ, Böyük Britaniya və Fransa) iştirak edirdi; Bolqarıstan, Macarıstan və Rumıniya ilə — üç (SSRİ, ABŞ və Böyük Britaniya); Finlandiya ilə – iki (SSRİ və Böyük Britaniya).
XİNŞ-in London konfransı zamanı (11 sentyabr — 2 oktyabr 1945) Aralıq dənizi, Balkanlar və Yaponiya ilə sülh, həmçinin də sülh müqavilələrinin müzakirə edilməsi proseduru üstündə narazılıqlar ortaya çıxdı. İngilislər və amerkanlar Fransa və Çini də məsələyə qatmağa çalışarkən, sovetlər bundan imtina edirdilər. Dekabrın 16–26-da SSRİ, ABŞ və Böyük Britaniyanın üçtərəfli görüşündə bu ziddiyyətlər qismən aradan qaldırıldı, bundan sonra 1946-cı il mayın 1-dən gec olmayaraq Parisdə Xarici İşlər Nazirləri Şurasının 5 üzvünün və anti-Hitler koalisiyasının 16 dövlətinin konfransının çağırılması qərara alındı. 1919–1920-ci illər Paris Sülh Konfransının reqlamentindən fərqli olaraq Almaniyanın keçmiş müttəfiqlərinə baxılması və müzakirəsi üçün hazırlanmış müqavilə mətnləri təqdim olunurdu.
25 aprel — 16 may 1946-cı ildə keçirilən birinci sessiyada İtaliya ilə sülhün şərtləri, onun koloniyalarının taleyi və təzminat məsələsi müzakirə edildi. Həmçinin, ABŞ Avstriya ilə sülh imzalanması məsələsini də gündəmə gətirmək istəyirdi. İyunun 15-də, fasilədən sonra sessiyanın ikinci mərhələsində İtaliyanın Sovet İttifaqına təzminat ödəməsi məsələsini razılaşdırmaq və iyulun 29-da konfrans çağırmaq və 2/3 səs çoxluğu ilə qərarlar qəbul etmək barədə razılığa gəlmək mümkün oldu. Eyni zamanda, müxtəlif razılaşmaların 26 bəndi üzrə fikir ayrılıqları qaldı: onlar Triest problemi, Dunayda gəmiçilik və bir sıra iqtisadi məsələlərə aid id.
İştirak edən şəxslər SSRİ-i təmsil edən şəxs XİN rəhbəri Vyaçeslav Molotov idi. O, İ. V.Stalinlə şəxsən şifrələnmiş yazışmalar vasitəsilə öz hərəkətlərini əlaqələndirirdi. Sovet nümayəndə heyətinə Estoniya SSR xarici işlər nazirləri H. H. Kruus, Latviya SSR P. İ. Valeskaln və Litva SSR P. İ. Rotomskis daxil idi. Ayrı-ayrılıqda, 1945-ci il Yalta Konfransının respublikalara BMT-nin ilkin üzvü statusunun verilməsi haqqında qərarlarına uyğun olaraq, Ukrayna SSR (xarici işlər naziri D. Z. Manuilski) və Belarus SSR (xarici işlər naziri K. V. Kiselyov) səs vermək hüququ ilə təmsil olunurdular. ABŞ-ın əsas nümayəndəsi dövlət katibi Ceyms F. Byrnes ikən Böyük Britaniyanı baş nazir Klement Ettli təmsil edirdi. Fransanın təmsilçisi isə Georges Bidault idi.
Həmçinin Çin, Avstraliya, Belçika, Braziliya, Yunanıstan, Hindistan, Kanada, Hollandiya, Yeni Zelandiya, Norveç, Polşa, Çexoslovakiya, Efiopiya, Yuqoslaviya və Cənubi Afrika İttifaqının nümayəndə heyətləri də iştirak edirdilər və ümumi say 844 nəfər idi.
Müzakirə olunan müqavilələrdə maraqlı olan ölkələrə — Meksika, Kuba, Misir, İran, İraq, Albaniya və Avstriyaya öz mövqelərini təqdim etmək imkanı da verildi. Konfrans çərçivəsində 10 komissiya fəaliyyət göstərmişdir: ümumi, hüquqi və müqavilələrin tərtibi, hərbi, ikisi iqtisadiyyat (İtaliya və bütün digər dövlətlər üçün ayrıca), siyasi və ərazi məsələləri üzrə 5 komissiya (hər hökumət üçün bir) . Konfransın işini 2 mindən çox jurnalist işıqlandırıb.
Siyasi məsələlər Siyasi müddəalarda qeyd olunurdu ki, imzalayan tərəf "irqindən, cinsindən, dilindən və ya dinindən asılı olmayaraq, yurisdiksiyasında olan bütün şəxslərin insan hüquqlarından və əsas azadlıqlardan, o cümlədən ifadə, mətbuat və nəşr, dini ibadət, siyasi fikir və ictimai toplantı azadlıqlarından istifadə etmələrini təmin etmək üçün lazım olan bütün tədbirləri görməlidir".
Müttəfiqlər üçün müharibə zamanı partizanlıq səbəbindən vətəndaşlara heç bir cəza tətbiq edilməməli idi. Hər bir hökumət "məqsədi xalqı demokratik hüquqlarından məhrum etmək olan istər siyasi, istər hərbi, istərsə də yarı-hərbi" faşist təşkilatlarının və ya hər hansı digər təşkilatların dirçəlişinin qarşısını almaq üçün tədbirlər görməli idi.
İtaliya ilə müqavilə Antihitler koalisiyası ilə İtaliya arasında müqavilə 10 fevral 1947-ci ildə imzalandı və rəsmi şəkildə düşmənliyə son qoydu. 15 sentyabr 1947-ci ildə ratifikasiya edilməklə qüvvəyə mindi.
Ərazi dəyişikliyi thumb|upright=1.7|İtaliyanın 1920–1975-ci illər arasında keçirdiyi dəyişikliklər. Adriatik dənizindəki adalar olan Kres, Loşinc, Lastovo və Palaqruza; Mirna çayından cənubdakı İstriya əraziləri, Dalmatiyada eksklav ərazi olan Zadar, Riyeka və Yulian Venesiyası kimi bilinən ərazi Yuqoslaviya Federal Sosialist Respublikasına verildi. İstriyanın yerdə qalan hissəsi və Trieste əyaləyi əsasında Trieste Azad Bölgəsi yaradıldı. Beləliklə, azad bölgənin ərazisi BMT Təhlükəsizlik Şurasının məsuliyyət daşıdığı iki administrativ hissəyə bölündü. Bu hissələrə müvəqqəti hökumətlər rəhbərlik edirdilər. 1954-cü ildə İtaliya azad bölgənin A zonası adlandırılan Trieste bölgəsini, Yuqoslaviya isə B zonası adlandırılan İstriyanın yerdə qalan hissəsini özünə birləşdirdi. Bu dəyişikliklər Osimo müqaviləsi ilə 1975-ci ildə rəsmi şəkildə tanındı.
Egey dənizində olan İtaliyaya məxsus adalar Yunanıstan krallığına ötürüldü. La Brigue və Tenda Fransaya verildikdən sonra sərhəd boyunca kiçik düzəlişlər edildi. Tende vadisi və La Brigue kəndləri Fransaya verildi, lakin italyan diplomatları, Fransız istəklərinə baxmayaraq, Fransa-İtaliya alp sərhədinin Mont Blanc zirvəsindən keçdiyin təsbit edildiyi Turin müqaviləsini (1860) davam etdirilməsini təmin edə bildi. Fransızlar yeni sərhədi Aosta vadisindən keçirməyə çalışırdılar. Fransa Respublikası keçmiş italyan şəhərləri Briqa və Tendada heç vaxt italyan dilini təmin etməyib və faktiki olaraq linqvistik assimilyasiya siyasətini seçdi.
İtaliya Albaniya Sosialist Xalq Respublikasının müstəqilliyini tanıdı və Sazan adasını Albaniyaya təhvil verdi. Efiopiya üzərində olan iddialarından əl çəkdi və Efiopiya imperiyası yenidən bərpa edildi. Yeni İtaliya özünün koloniyaları olan Liviya, Eritreya və Somaliləndə olan iddialarından əl çəkdi və İtaliya imperiyası ləğv edildi. İtaliya Çinlə özünün xeyrinə olan ticarət müqaviləsindən və 1901-ci ildən Tianjin bölgəsində əldə etdiyi imtiyazlardan imtina etməyə məcbur oldu. Müqavilənin XI maddəsi əsasında və BMT Baş Assambleyasının 390 saylı, 2 dekabr 1950-ci il tarixli tövsiyəsi əsasında Eritreya Efiopiya ilə 11 sentyabr 1952-ci ildə federasiyada birləşdi. Eritreya 24 may 1991-ci ildə Efiopiyadan de-fakto müstəqilliyini qazandı və 1993-cü ilin 24 mayında bu de-yure müstəqilliyə çevrildi. İtaliya. Somaliləndi 1949-cu ilə qədər Britaniya hakimiyyətində qaldı və ondan sonra da italyan inzibati hakimiyyəti altında BMT İnam Bölgəsinə çevrildi. İtaliya Somaliləndi və Britaniya Somaliləndi 1 iyul 1960-cı ildə birləşərək Somali Respublikasını formalaşdırdılar.
Həmçinin Cənubi Tiroldakı alman etnik azlığa mədəni muxtariyyət verildi. Bu əraziyə Avstriya tərəfindən iddia irəli sürülmüşdü. Lakin böyük ölçüdə bu müqavilənin imzalanmasından bir neçə ay əvvəl imzalanan Gruber-De Gasperi razılaşmasına görə Avstriyanın bu tələbi yerinə yetirilmədi.
Təzminatlar Müqavilənin 74-cü maddəsinə görə İtaliya aşağıdakı təzminatları ödəməli idi:
Yuqoslaviyaya $125,000,000 Yunanıstana $105,000,000 Sovet İttifaqına $100,000,000 Efiopiyaya $25,000,000 Albaniyaya $5,000,000
Bu məbləğ müəyyənləşdirilən zaman bir unsiya qızıl 35 dollar idi. Təzminatlar yeddi il ərzində mal və xidmətlər şəklində ödənilməli idi.
Hərbi şərtlər Müqavilənin 47 və 48-ci maddələrinə görə Fransız-İtalyan və Yuqoslav-İtalyan sərhədlərindəki istehkamlar ortadan qaldırılmalı idi. İtaliyaya nüvə silahı əldə etməyə çalışmaq, təcrübələr aparmaq, uzaq mənzilli raketlər əldə etmək, 30 km-dan uzaq vura bilən silahlar istifadə etmək, dəniz minaları yerləşdirmək, torpedolar almaq qadağan edildi.
İtaliyanın hərbi qüvvələri ölçü olaraq məhdudlaşdırıldılar. 54-cü maddəyə görə İtaliyaya 200 ağır və orta ölçülü tank almasına icazə verildi. Qaraköynəklilərin və Milli Respublika Ordusunun keçmiş zabit və komissarlarına İtaliya ordusunda zabit və ya gizir olmaq qadağan edildi (İtaliya məhkəmələri tərəfindən bəraət qazandıranlar istisna olmaqla).
İtalyan hərbi dəniz donanması azaldıldı. 56 və 57-ci maddələr əsasında bəzi italyan hərbi dəniz qüvvələrinə məxsus döyüş gəmilərəi ABŞ, Böyük Britaniya, Fransa və Sovet İttifaqına verildi. İtaliyaya bütün sualtı qayıqlarını sökmək əmri verildi (maddə 58) və yeni döyüş gəmiləri, sualtı qayıqlar və təyyarə gəmiləri əldə etmək qadağan edildi (maddə 59). Donanma ən çoxu 25 min nəfərlik döyüşçü heyətinə sahib ola bilərdi. Quru ordularında isə ölçü 185 min nəfər olaraq müəyyən edildi, həmçinin 65 min Carabinieri saxlanması icazəsi ilə silahlı quru qüvvələrin ümumi ölçüsü 250 min nəfər oldu. İtaliya Hərbi Hava Qüvvələri 200 qırıcı və kəşfiyyat təyyarəsi, üstəlik 150 nəqliyyat, hava-xilasetmə, təlim və əlaqə təyyarəsi ilə məhdudlaşdı və bombardmançı təyyarələrə sahib olmaq və istismar etmək qadağan edildi (maddə 64). Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin sayı 25.000 nəfərlə məhdudlaşdırıldı (maddə 65). Hərbi məhdudiyyətlərin əksəriyyəti İtaliyanın 1949-cu ildə NATO-nun qurucu üzvü olması ilə aradan qaldırıldı.
thumb|Müqavilənin fin dilində hazırlanmış mətni (1947).
Finlandiya ilə müqavilə