Naim Sadıq oğlu Fətəliyev — Azərbaycan mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1985–1990), Azərbaycan SSR Ali Soveti sədrinin müavini (1990–1991), "Azərineft" Dövlət konserninin vitse-prezidenti (1992).

Həyatı Naim Sadıq oğlu Fətəliyev 1935-ci ildə anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu və Bakı Ali Partiya Məktəbini bitirmişdir.

Naim Fətəliyev əmək fəaliyyətinə 1954-cü ildə Əliheydər Qarayev adına Bakı neftayırma zavodunda operator köməkçisi kimi başlamış, sonra bu müəssisədə operator, qurğu rəisi işləmişdir. 1965–1976-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Neft və qaz sənayesi şöbəsinin təlimatçısı, Partiya-təşkilat işi şöbəsinin inspektoru olmuşdur.

1976–1977-ci illərdə Naim Fətəliyev Neft, Kimya və Qaz Sənayesi Fəhlələri Həmkarlar İttifaqı Azərbaycan Respublika Komitəsinin sədri olmuş, 1977–1985-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi vəzifəsində çalışmışdır. 1985-ci ilin dekabr ayında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmişdir. 1992-ci ilin yanvar ayından "Azərineft" Dövlət konserninin vitse-prezidenti olmuşdur.

Naim Fətəliyev 1962-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı, eləcə də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü seçilmişdir. "Xalqlar dostluğu" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavinləri Kateqoriya:Azərbaycan SSR Ali Soveti sədrinin müavinləri Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvləri Kateqoriya:Azərbaycan mühəndisləri