Dodmor Kotton və ya Ser Dodmor Kotton (ö. 23 iyul 1628) — ingilis diplomatı və İngiltərə hökuməti tərəfindən Səfəvi imperiyasına göndərilmiş ilk səlahəiyyətli səfir. O, İngiltərə kralı I Karl tərəfindən Səfəvi şahı I Abbasın sarayına göndərilmişdir.
Həyatı Dodmor Kotton Ser Robert Kotton ilə Elizavet Kottonun oğludur. Elizavet isə Con Dormerin qızı idi. O, Kembric Kral Kollecindən 1607-ci ildə məzun olmuş və 1608-ci ilin noyabrında Linkolnun daxili sarayında işə başlamışdı.
Sarayda Dodmor kralın şəxsi kabinetində vəzifə əldə etmiş və I Karl tərəfindən yaxşı tanındığı üçün 1627-ci ildə onun tərəfindən I Abbasın Səfəvi sarayına səfir kimi göndərildi. O, martda Rose adlı gəmi ilə İran körfəzində yerləşən Gembruna (Bəndər Abbasa) yollandı. Onunla səyahətə çıxanlar arasında Tomas Herbert, Nəğdəli bəy (I Karlın yanına göndərilmiş keçmiş Səfəvi elçisi) və Robert Şirli (Nəğdəli bəyin məsləhətçisi, ingilis) müşahidə edirdi.
Bu nümayəndə heyəti Səfəvi sarayına göndərilməmişdən əvvəl oraya göndərilmiş qızılbaş elçiləri uğursuzluğa uğramışdılar. Nəğdəli bəy bu uğursuzluqda Robert Şirlini ittiham edirdi. O, gəmi Səfəvi sərhədlərinə yaxınlaşdığı zaman yüksək dozada tiryək qəbul edərək öldü. Onun şahın reaksiyasından qorxduğu üçün intihar etdiyi düşünülür. Ümid burnundan, Madaqasqarda, Suratdakı Svalidən keçdikdən sonra heyət 10 yanvar 1628-ci ildə Gembruna çatırlar. Kotton, Herbert və Şirli ilə birlikdə I Abbas ilə görüşmək üçün şahın yay sarayının yerləşdiyi Mazandaranın Əşrəf bölgəsinə doğru yola düşdülər. Bundan sonra onlar Tavr dağlarını da ziyarət etdilər. Onlar əvvəlcə şah tərəfindən yaxşı qəbul edilsələr də, bir müddət şah Şirliyə qarşı olan münasibətini dəyişdirdi və onunla sərt davranmağa başladı. Şirli qəflətən xəstələndi və Qəzvin şəhərində vəfat etdi. Bundan bir həftə sonra isə Dodmor da ağır dizenteriya xəstəliyindən vəfat etdi. O, Qəzvindəki erməni qəbristanlığında dəfn edildi. Herbert yazırdı ki, "səyahət sınaqları və onun nəticəsiz nəticəsinə görə əzab-əziyyət" şübhəsiz ki, ölümlərə səbəb oldu.
Səfəvi imperiyasına səfirliyi
Zəmin I Abbas rəqibi Osmanlı imperiyasını ipək ticarəti gəlirlərindən məhrum etmək üçün bu ticarət yolunu İran körfəzinə keçirməyi, bütün malları İngiltərəyə satmağı və onunla ittifaq qurmağı hədəfləyirdi. Bunun üçün o, İngiltərəyə, eləcə də digər Avropa dövlətlərinə dəfələrlə elçilər göndərmişdi. Elçiliyin İngiltərədə fəaliyyəti zamanı müəyyən problemlər yaşansa da, I Karl Səfəvi sarayına elçi göndərmək qərarına gəldi. Bu vəzifə üçün hüquqşünas və kralın yaxın adamı Dodmor Kotton seçildi. Şərqdə işləmək üçün özünə bir iş axtaran Dodmor 1271-ci ildən sonra Səfəvi bölgəsinə göndərilmiş ilk elçi oldu. İngiltərə Şərqi Hindistan şirkəti Dodmor və Şirlini Səfəvi imperiyasına aparmağa çəkinirdi. Onlar sonda razılığa gəldilər ki, Dodmor şirkətin adından heç bir danışıqlar aparmayacaq, onların işinə qarışmayacaqdır, onun tapşırığı Şirlinin rəsmi elçi olub-olmamasını, onun təkliflərinin şahın təklifləri olub-olmamasını aydınlaşdırmaq olmalı idi. Belə olacağı halda, Dodmor qeyri-rəsmi şəkildə kralın şahın arzularını mümkün olduğu qədər yerinə yetirəcəyinə zəmanət verməli idi. Dodmor 12 apreldə kral tərəfindən qəbul edildi və Ağzalda cəngavər elan edildi. Bir neçə gün sonra heyət Doverdən yola düşməli idi. Heyətə elçilik barədə ətraflı məlumat yazmış Tomas Herbert də daxil idi. Heyət Doverə çatdığı zaman Şərqi Hindistan Şirkətinin əlverişli külək olmasından yararlanaraq yola çıxdıqlarını gördülər. Donanma musson küləklərini tutmaq üçün yazda üzmək məcburiyyətində qaldığından, onlar daha bir il gözləməli oldular. Bu zaman İngilstərə ilə danışıqlara bir digər Səfəvi vətəndaşı daxil oldu. Səfəvi taciri olan Xacə Şahsevər şah tərəfindən 1613 və 1621-ci illərdə Venesiyaya şahın ipəklərini satmaq üçünsəfər etmişdi. O, Nəğdəli bəylə İngiltərəyə gəlmişdi və şahın adından satmaq üçün gətirdiyi əlli tay ipəyi satmaq üçün səfirlə fikir ayrılığına düşmüşdü. O, Şirli ilə dost oldu və çox keçmədən şirkət onların ikisini də Səfəvidəki mövqelərini sarsıtmaq üçün sui-qəsddə ittiham etdi. Xacə Şahsevər Abbasa şirkəti pisləyən məktub yazmaqda ittiham edilirdi. Buna görə şirkət kraldan onları Səfəvi mülkünə aparmamağı xahiş etdi. Qəflətən Xacə Şahsevər avqust 1626-cı ildə vəfat etdi və yəqin ki İngiltərədə dəfn edilən ilk Səfəvi vətəndaşı olaraq Bişopqeytdəki Müqəddəs Botolf məzarlığında dəfn edildi. Onun oğlu Məhəmməd isə şirkətlə mübahisəni davam etdirməkdə idi və bu mübahisə yalnız kralın Şəxsi Şurasının müdaxilə etməsi ilə həll edildi. Həmçinin Məhəmməd ingilis qadın olan Leydi Kokeynə aşıq olmağa da vaxt tapa bildi. Bu qadının əri Londonun hakimi idi. Bir dəfə o, qadına ona bütün var-dövlətini təklif etmiş və xristian kimi vəftiz olunmağa hazır olduğunu da bildirmişdi, lakin bundan heç bir nəticə çıxmadı və o, Kotton və Şirli ilə birlikdə evinə doğru yol çıxmağa məcbur oldu. Bu üç elçi (Dodmor, Şirli və Məhəmməd, həmçinin Şirlinin arvadı, qulluqçuları) yola düşmək üçün 1627-ci ilin martında Doverə gəldilər. Şirkət Nəqd Əli Bəyə vida hədiyyəsi olaraq yağlı boya ilə çəkilmiş portretini və əlli funt dəyərində gümüş boşqab verdi, onun yeddi direktoru isə onu limana qədər müşayiət etdi. Gəmi martın 23-də ayrı-ayrı gəmilərdə Səfəvi və İngiltərə nümayəndələri ilə birlikdə yola düşdü.
Səfəvi torpaqlarına çatmaları 8 aylıq dəniz səyahət ağır keçdi, dənizçilərin bir çoxu səyahət zamanı həyatını itirdi. Gəmi səhvən cənuba üzdü, şimala döndükləri zaman isə quldurların hücumuna məruz qaldılar və nəhayət 30 noyabr 1627-ci ildə Syrat yaxınlığındakı Svalli məntəqəsinə yaxınlaşdılar. Məhəmməd səyahət zamanı qızdırmadan, Nəğdəli bəy isə yüksək dozada tiryək istehlak etməkdən vəfat etdilər. Tomas Herbert iddia edir ki, Nəğdəli bəy İngiltərədə etdiyi kobudluğa görə şahın qarşısında cavab verməkdən qorxmuşdu və buna görə də, intihar etmişdi. O, gəmi sahılı çıxmağına bir gün qalmış öldü və şirkət mənsubları onu dəfn etməmişdən əvvəl onu şərəfləndirmək üçün 11 dəfə atəş açdılar. Kotton, Şirli və digərləri səyahətlərini davam etdirərək 11 dekabrda Bəndər-Abbasa yola düşdülər. Bəndər-Abbasa 4 Şərqi Hindistan gəmisi ilə səyahət edən Şirli və digərlərinin donanmasındakı iki gəmi Hindistandan Səfəvi tacirlərinin aldığı 300 qulu da daşımaqda idi. 10 yanvar 1628-ci ildə onlar Bəndər-Abbasa çatdılar.
Səfəvi nümayəndələri və şah ilə görüşlər Həm Səfəvi elçiləri, həm də ingilisi elçiləri yerli Səfəvi hakimiyyət təmsilçiləri tərəfindən hörmətlə qarşılandılar. Sultan titulu daşıyan Bəndər-Abbas qubernatoru və baş gömrük məmuru Şahbəndər Ser Dodmor Kottonu gəmidən çıxarıb "yəhəri (Mərakeş növündən olan) gümüş və mirvari ilə zəngin naxışlarla bəzədilmiş, üzəngisi qızıldan olan əzəmətli ərəb atına" mindirdilər. Tomas digərləri ilə birlikdə 14 gün Hörmüzdə qalmış, burada şəhərin yenidən canlandırıldığını, imperiyanın ən yaxşı şəhərlərindən birinə çevrildiyini bildirmişdir. Həmçinin şəhərdə Səfəvi bayrağından başqa yalnız ingilis bayrağının ingilis vətəndaşlarının evlərində dalğalanmasına icazə verilirdi və bunun da səbəbi şəhərin alınmasında ingilislərin yardım etməsi idi. 24 yanvar 1628-ci ildə elçilik İsfahana yola düşdü. Fars və Lur hakimi İmamqulu xan heyət onun şəhərinə gəldiyində aşkar şəkildə hörmətsizlik etdi. Onları bir həftə gözlətdikdən sonra 6 günlük ekskursiyaya gedəcəyini bildirdikdən sonra Şirli buna etiraz etmək üçün onun yanına getdi və kobud cavab aldı. Çox güman ki onun belə etməsinin səbəbi ingilislərin birlikdə Maskatdəki portuqaliyalılara hücum etmə təklifini rədd etmələri idi. Hər bir halda, belə davranışa şahın icazəsi olmadan yol verdiyini düşünmək yersiz olar. İmamqulu xan öz oğlunu Dodmorun yanına göndərərək atasının adından onlar qəbul edə bilmədiyinə görə üzr istədi. Bir müddət sonra Dodmor ağıllı bir taktika işlədərək İmamqulu xanın oğluna cavab olaraq ona nəzakət görüşü edəcəyini elan etdi. İmamqulu xan üçün gəlmiş elçilərin ondan öncə oğlunu ziyarət etmələri qəbul edilməz idi, buna görə də, o, elçiləri öz yanına çağırtdırdı. İmamqulu xan elçi düz yanına çataraq heç bir tərpəniş etmədi, elçi yanına çatdıqdan sonra isə ayağa qalxıb onu qucaqlayıb salamladı. Bundan sonra şənlik başladı. Şənlik növbəti gün də təşkl edildi. Tomasın məlumatına görə şənlikdə əsir Hörmüz kralı və övladları, özbək şahzadəsi, gürcü şahzadəsi, şəhərin adlı-sanlı şəxsləri, qızılbaşlar iştirak edirdi. İmamqulu xan onlara özünün Hörmüz zəfərindən bəhs edən rəsmləri göstərmiş, özünü maksimum varlı göstərməyə çalışmışdır. Bir neçə gündən sonra İmamqulu xan ingilis elçilərin qaldığı yerə gəldi. Münasibətlər tədricən isinirdi. Buradan yola düşən heyət 3 apreldə Şərqi Hindistan şirkətinin nümayəndəsi Uilyam Burtu və digər avropalı tacirlərlə qarşılaşdılar. Heyət İsfahana böyük təmtəraqla daxil oldu, şəhər əhalisinin xeyli hissəsi onları qarşılanaq üçün yola çıxmışdı. Həmçinin şəhərdə onlar üçün böyük ziyafət yeri də təşkil edilmişdi. Üç həftə burada qaldıqdan sonra 1 may tarixində yollarına davam etməyə başladılar. Çünki şah bu zaman Mazandarandakı Əşrəf adlı bölgədəki malikanəsində idi. Heyət 20 mayda Əşrəf bölgəsinə çatdı və 50 qızılbaş tərəfindən qarşılanaraq şahın yanına aparıldılar. 25 may tarixində Ser Dodmor Kotton Robert Şirli, Tomas Herbert və digər 8 ingilis ilə birlikdə şah tərəfindən qəbul edildilər. Görüşdə Şərqi Hindistn şirkəti tərəfindən təmin edilmiş Dik Uilyams adlı tərcüməçi də iştirak edirdi. Şahın yanına gedərkən onları izləmək üçün çox az sayda insan küçəyə çıxmışdı. Görünür şahın onları qəbul etmək üçün zaman ayırdığından insanların xəbəri ümumiyyətlə olmamışdır. Tomas Herbert bu və digər qarşılaşdıqları problemi şahın sevimlisi Məhəmmədəli bəylə Robert Şirlin arasında olan düşmənçiliklə əlaqələndirirdi. thumb|right|200px|Ser Tomas Herbert