Nigar Sabir qızı Quliyeva () — Azərbaycan jurnalisti. İctimai TV-də aparıcı kimi fəaliyyət göstərir.
Bioqrafiya Nigar Sabir qızı Quliyeva 1976-cı il sentyabrın 15-də Bak şəhərində anadan olub. Orta təhsilini Bakının 20 saylı məktəb-liseyində alıb. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyətşünaslıq fakültəsində alıb.
Fəaliyyəti 1996-cı ildə Azərbaycan Radiosunda işə başlayıb. 2008-ci ildə fəaliyyətini İctimai Radioda davam etdirib. Televiziya fəaliyyətinə isə 2010-cu ildə İctimai Televiziyada başlayıb. Həmin ildən "Carçı" informasiya proqramının aparıcısı olub. 2018-ci ildə onun təqdimatı ilə ilk dəfə "İTV Xəbər Yekun" verilişi efirə çıxıb. 2019-cu ildən isə həm də "Diqqət mərkəzi" verilişinin aparıcısı olub. O, İctimai Televiziyanın Azərbaycan Prezidentindən müsahibə alan ilk aparıcısıdır. Nigar Sabirqızı, həmçinin, 2025-ci ildə dövlət başçısından ikinci dəfə müsahibə alıb. Bu müsahibədə onun İlham Əliyevə verdiyi "Qalib və güclü dövlətin başçısı olmaq necə hissdir?" sualı böyük maraq doğurub. O, bir sıra nüfuzlu şəxslərdən eksklüziv müsahibələr də alıb. Vətən müharibəsinin 5 illiyi münasibətilə İctimai TV-də çəkilən "Qələbənin ardınca" 5 seriyalı sənədli filminin ssenari müəllifidir. Hazırda bir sıra analitik verilişlərin, əsasən, "İTV Xəbər Yekun" proqramının müəllifi və aparıcısıdır. Mükafatları 2020-ci il iyulun 22-si Milli Mətbuat Günündə Prezident İlham Əliyevin sərəncamı ilə kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. 2025-ci ildə isə "Azərbaycan milli mətbuatının 150 illiyi" yubiley medalına layiq görülüb.
İstinadlar