Müşfiq ağıları — bəstəkar Cavanşir Quliyev tərəfindən yazılmış və Mikayıl Müşfiqin faciəli həyatına həsr olunmuş oratoriya. Əsərin librettosunun müəllifi Sabir Rüstəmxanlıdır. 2022-ci il oktyabrın 14-də əsər ilk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mustafa Mehmandarovun dirijorluğu ilə təqdim olunub.
Haqqında Müşfiq ağıları oratoriyası bəstəkar Cavanşir Quliyev tərəfindən 2020-ci ildə yazılıb və Mikayıl Müşfiqin faciəvi taleyinə həsr edilib. Əsərin librettosunu Sabir Rüstəmxanlı yazıb.
Cavanşir Quliyev özü oratoriya haqqında bunları deyib:
Bir saatdan ibarət olan əsər 13 hissədən, proloq, 6 ağı, 5 qaragüruh və epiloqdan ibarətdir. Əsərin librettosu Müşfiqin həyatını, ona qarşı olan ədalətsizlikləri, onun sevgisini, nifrətini, haqsızlığa dözümsüzlüyünü əhatə edir. Əsərdəki ağılar Ana Ağısı, Vətən Ağısı, Azadlıq Ağısı, Söz Ağısı, Eşq Ağısı, Həyat Ağısı adlanır. Bəstəkarın qaragüruh adlandırdığı 5 hissə isə Müşfiqə olan hücumları, ədalətsizlikləri və onun ölümə göndərilməsini əks etdirir.
Oratoriya ilk dəfə 2022-ci il oktyabrın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Cavanşir Quliyevin yaradıcılıq gecəsində təqdim edilib. Əsər burada Mustafa Mehmandarovun dirijorluğu və bədii rəhbər Gülbacı İmanovanın rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xor Kapellasının və solistlərin – Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər Səbinə Əsədova, İlham Nəzərov, Nigar Tağıyeva, İlahə Fəda və təqdimatçı Kamran Yunisin ifasında səslənib.
Əsərə qarşı ittiham 2023-cü il 7 fevral tarixində əvvəlcə iranlı jurnalist Ehsan Movahedian tvitterdəki yazısında oratoriyanın 28 saniyəlik bir hissəsini bölüşüb və Azərbaycan dövlətini islama qarşı olmaqda ittiham edərək İran düşmənlərinin yuvası adlandırıb. Həmin hissədə Azərbaycan Dövlət Xor Kapellası tərəfindən bu sözlər oxunub:
Bu tvitdən 4 saat sonra İranda fəaliyyət göstərən "Səhər" kanalı da bu mövzuya toxunaraq "Yaşasın ateizm!" adlı məqalə dərc edib. Məqalədə qeyd olunub ki Azərbaycanda konsert zalında "yaşasın ateizm, yıxılsın minarələr, kəsilsin azan səsi" mahnısı oxunub. Və bu hissənin oxunmasını ölkədə ateizmin təbliği kimi qələmə veriblər.
Bu məqalədən sonra "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-i açıqlama verib. Açıqlamada iranlı jurnalistlərin oratoriyanın bir qismini kəsib paylaşmaqlarının jurnalist adına və etikasına yaraşmayan metod olduğu qeyd olunub. Və əlavə edilib ki oratoriyanın bu hissəsi sovet işğalı dövründə kommunistlərin Azərbaycanda din əleyhinə təbliğatlarını, İslam dini ilə mübarizələrini təsvir edir.
Daha sonra Mədəniyyət televiziyasına müsahibə verən oratoriyanın bəstəkarı Cavanşir Quliyev bildirib ki, əsərdə dinə qarşı olan hissəni səsləndirən qismi o öz oratoriyasında qaragüruh adlandırıb. O deyib:
Həmçinin bax Füzuli kantatası Arazın o tayında
İstinadlar
Xarici keçidlər Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin yaradıcılığına həsr olunmuş konsert / Mədəniyyət TV "Müşfiq ağıları" haqqında həqiqətlər / Mədəniyyət TV İlk dəfə Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş "Müşfiq ağıları" oratoriyası səsləndirildi / Mədəniyyət TV "Bilmədiyiniz şey haqqında danışmayın!" — Sabir Rüstəmxanlı molla rejiminin saxtakarlığını ifşa etdi / AzTV Kateqoriya:2022-ci ildə Azərbaycan Kateqoriya:Musiqi əsərləri Kateqoriya:Mikayıl Müşfiq Kateqoriya:Oratoriyalar