Yevgeni İvanoviç Çeqodayev (; ) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyinin sədri (1965–1971), Azərbaycan SSR Ali Sovetinin 7-ci çağırış deputatı.

Həyatı Yevgeni İvanoviç Çeqodayev 1909-cu ildə Belici kəndində fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1933-cü ildə başlamış, Xaçmaz və Əli Bayramlı rayonlarında maşın-traktor stansiyalarının baş mexaniki, Azərbaycan SSR Xalq Torpaq Komissarlığında mühəndis, texnik-inspektor, baş mühəndis vəzifələrində işləmişdir.

Yevgeni Çeqodayev 1941–1942-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, 1942-ci ilin sonlarından yenidən Azərbaycan SSR Xalq Torpaq Komissarlığı aparatında məsul vəzifələrdə çalışmışdır. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Baş MTS-lər, Mexanikləşdirmə və Elektrikləşdirmə İdarəsi rəisinin müavini, sonra da bu idarənin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyinin yaradılması ilə əlaqədar olaraq Yevgeni Çeqodayev 1961-ci ildə bu birliyin sədr müavini, sonra sədrin birinci müavini, 1965-ci ildə isə sədri vəzifələrinə təyin edilmişdir. Bu vəzifədə o, 1971-ci ilədək işləmişdir.

Yevgeni Çeqodayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş, yeddinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. İki dəfə "Qırmızı əmək bayrağı", iki dəfə "Şərəf nişanı" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmişdir. "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür. İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.

Yevgeni Çeqodayev 29 dekabr 1977-ci ildə vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər