Armik Aleksandroviç Karamyan (; ) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR meşə və ağac emalı sənayesi naziri (1971–1972).
Həyatı Armik Aleksandroviç Karamyan 1918-ci ildə Buxara əmirliyinin (hazırda Türkmənistan) Kerki şəhərində kəndli ailəsində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geologiya-kəşfiyyat fakültəsinə daxil olmuş, 1934-cü ildən Lenin komsomolu fəalı olmuşdur. Böyük Vətən müharibəsinin başlanğıcında Sovet Ordusu sıralarınanda hərbi xidmətə çağırılmış və 1943-cü ildə hərbi topçular məktəbini bitirərək 1945-ci ilədək müharibə cəbhələrində vuruşmuşdur.
Müharibədən sonra Armik Karamyan Bakıya qayıdaraq Azərbaycan Sənaye İnstitutunda diplomunu müdafiə etmişdir. 1946–1950-ci illərdə "Orconikidzeneft" idarəsinin mədənlərində baş geoloq vəzifəsində çalışmış, eyni zamanda buradakı ilk partiya təşkilatının katibi olmuşdur. 1950-ci ildə partiya işlərində irəli çəkilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, sonralar isə neft sənayesi şöbəsi rəisinin müavini vəzifələrində işləmişdir. 1952–1953-cü illərdə Azərbaycan KP Bakı Vilayət Komitəsinin ağır sənaye şöbəsinin müdiri olmuş, 1953-cü ildə Azərbaycan KP Bakı Komitəsinin neft sənayesi şöbəsinin rəisi, 1954-cü ildə isə bu komitənin katibi seçilmişdir.
Armik Karamyan 1963–1971-ci illərdə Bakı Şəhər Xalq Nəzarəti Komitəsinin sədri, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi sədrinin müavini olmuşdur. 1971-ci ilin may ayından 1972-ci ilin avqust ayınadək Azərbaycan SSR meşə və ağac emalı sənayesi naziri vəzifəsində işləmişdir.
Armik Karamyan 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin dörd çağırış (5–8-ci çağırışlar) deputatı seçilmişdir. Müharibə cəbhələrində fərqləndiyinə görə 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri, "Qırmızı ulduz" ordeni və medallarla təltif edilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Geologiya-mineralogiya elmləri namizədləri