– rəsmi olaraq Kanadaya immiqrasiya etmiş ilk yapon şəxs. O, 1877-ci ilin martında Yaponiyanı tərk etmiş və may ayında Britaniya Kolumbiyasına çatmışdır.
Naqano Viktoriyada məskunlaşaraq bizneslə məşğul olmağa başlamışdır. Səhhətindəki problemlərə görə 1923-cü ildə Yaponiyaya qayıtmış və növbəti il ölmüşdür.
Həyatı Manzo Naqano 1853-cü ildə müasir Naqasaki prefekturasının ərazisində yerləşən Kuçinotsu balıqçı kəndində anadan olmuşdur. O, atası Kihey Naqanonun yeddi övladından dördüncüsü idi.
Yaponiyada izolyasiya dövrünün başa çatması səbəbilə canlanan beynəlxalq dəniz ticarəti Naqanonun diqqətini cəlb etmiş, Britaniyaya məxsus ticarət gəmisi ilə Şanxaya və Kanadaya səyahət etmişdir. 1877-ci ildə daimi olaraq Kanadada məskunlaşmağa qərar vermişdir. O, əvvəlcə yerli xalqların arasında yaşamış, balıqçılıq və odunçuluq kimi işlərlə məşğul olmuşdur. O, Viktoriyadakı çinli immiqrat icmasına qarışmış, dəmiryol tikintisində də iştirak etmişdir.
1886-cı ildə evlənmək məqsədilə Yaponiyaya getsə də, həyat yoldaşının ölümündən sonra 1896-cı ildə Naqano oğlu və yeni həyat yoldaşı Tayoko ilə Kanadaya qayıtmışdır. O, 1897-ci ildə Klondayk qızıl hərisliyində iştirak edən şəxslər üçün ləvazimatlar satan mağaza açmışdır. Bundan əlavə, hotelçilik və Yaponiyaya salmon balığı ixracatı ilə də məşğul olmuşdur. O, biri ABŞ-də, biri Yokohamada olmaqla, "Ricksha" adlı iki restoran açsa da, uğur qazana bilməmişdir.
Birinci Dünya müharibəsi zamanı Naqano İskvaymoltda lövbər atmış Yaponiya donanması üzvlərinə ev sahibliyi etmişdir. Müharibədən sonra vərəm olmuş və 1923-cü ildə həyat yoldaşı ilə Kuçinotsuya qayıtmağa qərar vermişdir. 1924-cü ilin mayında burada ölmüşdür.
Ailəsi Naqano 1886-cı ildə Yaponiyada 17 yaşlı Tsuya İçi ilə evlənmişdir. 9 dekabr 1893-cü ildə doğulmuş birinci oğlu Corc Tatsuoya Britaniya monarxının adını vermişdir. Bir müddət sonra həyat yoldaşı ölmüş və Tayoko adlı qadınla evlənmişdir. 3 oktyabr 1898-ci ildə Manzo və Tayokonun Frenk Terumaro adlı oğlu olmuşdur.
Corc Tatsuo 1917-ci ildə həyat yoldaşı ilə birlikdə ABŞ-yə immiqrasiya etmişdir. Frenk Terumaro isə Kanadada qalmışdır. Onlar böyük beysbol fanatları olmuşdurlar. Frenk Kanada yaponları tərəfindən yaradılmış "Vankuver Asahi" beysbol klubunda çıxış etmiş, Corc isə birinci oğluna ABŞ beysbolçusu Tay Kobbun adını vermişdir.
Xatirəsi 1977-ci ildə Naqanonun Kanadaya gəlişinin 100 illiyi münasibətilə Britaniya Kolumbiyasında yerləşən Sahil sıradağlarının bir zirvəsinə onun adı verilmişdir. Naqanonun həyatı Toyo Takata və ulu nəvəsi Pol Naqano tərəfindən araşdırılmışdır.
İstinadlar
Kateqoriya:Kanada yaponları Kateqoriya:Vərəm xəstəliyindən ölənlər