Azərbaycan mətbuatı — Azərbaycan Respublikasında və Azərbaycan tarixi ərazilərində formalaşmış qəzetçilik, jurnalistika və kütləvi informasiya vasitələri (media) ənənəsini ifadə edən ümumi anlayışdır.
Azərbaycan mətbuatının başlanğıcı 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə qoyulmuş və bu tarix ölkədə milli mətbuatın yaranma günü hesab olunur.
XX əsrin əvvəllərində “Kəşkül”, “İrşad”, “Həyat”, “Molla Nəsrəddin” kimi nəşrlər maarifçilik, ictimai fikir və satira sahəsində mühüm rol oynamışdır. Sovet dövründə mətbuat dövlət nəzarəti altında fəaliyyət göstərsə də, 1991-ci ildən sonra Azərbaycanda çoxsaylı müstəqil və özəl media qurumları yaranmış, rəqəmsal platformaların genişlənməsi ilə mətbuat sistemi əsasən onlayn mühitə keçmişdir.
Hazırda Azərbaycan mətbuatı qəzet və jurnal nəşrlərini, informasiya agentliklərini, internet mediadan ibarət rəqəmsal platformaları əhatə edir. Mətbuatın fəaliyyəti ölkədə qüvvədə olan qanunvericilik, eləcə də kütləvi informasiya vasitələrinin inkişafına dəstək iddiası ilə yaradılmış dövlət institutları tərəfindən tənzimlənir. Azərbaycan mətbuatı müasir dövrdə həm ənənəvi, həm də yeni media formatlarının paralel mövcudluğu ilə xarakterizə olunur.
Milli mətbuatın yaranması Qafqazda 1828-ci ildən çıxmış ilk rusdilli qəzet olan Tiflisskiye vedomostidə Azərbaycanla əlaqəli məqalələr də dərc edilirdi. Azərbaycan dilində ilk qəzet 1831-1833-cü illərdə Tiflisdə çap edilmiş Tiflis əxbarıdır ("Tatar xəbərləri" ("Татарские вести")). "Tiflis əxbarı" qəzeti "Tiflisskiye vedomosti" qəzetinin bir neçə dillərdəki əlavələrindən biri idi. 1838-ci ildən Tiflisdə rusca nəşr olunan "Zaqafqazski vestnik" ("Закавказский вестник") qəzetinin nəzdində 1841-1843-cü illərdə "Qafqazın o tayının əxbarı" adlı Azərbaycan dilində xüsusi səhifə və ya bülleten formatında materiallar hazırlanıb. 1846-cı ildən Tiflisdə nəşr olunmağa başlayan rusdilli "Kavkaz" qəzetində Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı və digər görkəmli Azərbaycan maarifçilərinin əsərləri, tərcümələri və onlar haqqında resenziyalar yer almışdır. İndiki Azərbaycan ərazisində çap olunmuş ilk qəzet 1871-1872-ci illərdə rus dilində çap edilmiş Bakinski listok qəzetidir. Bu qəzetlərə nisbətən daha uzunömürlü Bakı qəzeti isə 1876-cı ildən etibarən 10 ildən çox fasiləsiz nəşr edilmiş Bakinskiye izvestiya olub.
Azərbaycan mətbuatının bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani yaxından iştirak etmişdilər.Məmmədov E. E. M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondu: tarixi, müasir vəziyyəti, oxuculara xidmət və inkişaf perspektivləri (1923–2007-ci illər): Monoqrafiya / E. E. Məmmədov; Elmi redaktor: t.ü.e.d., prof. A. A. Xələfov; Azərbaycan Respublikası Təhsil Nazirliyi, ADMİU. Bakı: Mütərcim, 2018, 256 s., ISBN: 978-9952-28-402-7.
"Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlarından ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi. "Əkinçi" Azərbaycandan kənarda da — Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə yayılırdı.
1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq Azərbaycanda bir müddət Azərbaycanca mətbu orqan çıxmamışdır. Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər bir müddət yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olmuşdur. 1876-cı ildə ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlamışdır. Rusdilli qəzetlər içərisində daha uzunömürlü olmuş "Kaspi"nin 1897-ci ildən etibarən nəşrini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əli bəy Hüseynzadə olmuşdur. Rus dilində nəşr edilən qəzetlər Azərbaycan dilində səhifə yaratmaq təşəbbüsü göstərsələr də buna nail ola bilməmişlər. 1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olmuşdur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə müvəqqəti çapını dayandırmışdır.1883-cü ildə "Ziyayi-Qafqaziyyə" mətbəəsi və redaksiyası Şamaxıya köçürülüb. Qəzetin "Şamaxı dövrü" başlanıb.
Ümumilikdə, qəzetin 183 nömrəsi çıxıb. Axırıncı 11 nömrə Şamaxıda buraxılıb. Bununla da "Ziyayi-Qafqaziyyə" qəzeti bağlanıb. Qafqaz Senzura Komitəsinin 1885-ci il hesabatında nəşri dayandırılmış qəzetlərdən bəhs edilərkən "Ziyayi-Qafqaziyyə"nin sonuncu nömrəsinin 1884-cü il iyun ayında çıxdığı yazılır. Qəzetin çapı redaktor-naşirin maddi vəsaitinin olmaması səbəbindən dayandırılır. 1883–1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı çıxırdı.
XX əsrin əvvəlində Azərbaycan mətbuatı XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məhəmməd ağa Şahtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olmuşdur. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olmuşdur. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemənzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi. Qəzetin ən böyük xidmətlərindən biri də Cəlil Məmmədquluzadəni bir jurnalist kimi üzə çıxarması oldu. O, mətbuatda demokratik cərəyanın bərqərar edilməsində mühüm rol oynayan peşəkar bir redaktor kimi məhz bu qəzetdə yetişmişdir.
Çar hökumətinin oktyabr bəyannaməsindən sonra ölkənin hər tərəfinə yayılan mətbuat surətlə inkişaf etməyə başlamışdı. 1905-ci ildən başlayaraq Bakıda mətbuat sürətlə inkişafa başladı. Şübhəsiz ki, bu işdə çarın 17 oktyabr tarixli manifesti az rol oynamamışdı. Mətbuat sahəsində senzura qismən zəifləmişdi. Bu illərdə Bakıda 63-ə qədər qəzet və jurnal çap olunurdu. Onların arasından yalnız bir neçəsi Bakıdan xaricdə nəşr olunurdu. Qəzetlərdən çoxunun ömrü qısa olsa da, elə qəzetlər var idi ki, istər ölkə daxilində, istərsə də xarici ölkələrdə öz yüksək professionallığı və intellektuallığı ilə özünə çoxlu abunəçilər toplaya bilmişdilər. Məsələn, "Molla Nəsrəddin" məcmuəsi Uzaq və Yaxın Şərqdə geniş yayılmışdı. Habelə "Füyuzat" məcmuəsi, "Həyat" və "İrşad" qəzetlərinin də Şərq ölkələrində çoxlu abunəçisi var idi. Savadsız abunəçilər "Molla Nəsrəddin" məcmuəsini bəzən onun səhifələrində çap edilən kəskin siyasi karikaturalarına görə alırdılar.
O dövrdə Azərbaycan ziyalıları arasında siyasi-ictimai fikrin istiqamətini, məslək mübarizələrini müəyyən etmək, bunların nə qədər ziddiyyətli, mürəkkəb şəraitdə getdiyini bilmək üçün 1917-ci ilə qədər çıxan, qapanan və yenidən çıxan, adını, ünvanını, hətta yolunu dəyişən müxtəlif qəzet və məcmuələri gözdən keçirmək kifayətdir. Bakıda "Kaspi" mətbəəsindən əlavə Tiflisdə və Gəncədə kiçik mətbəələr yaranmışdı. Xüsusilə Orucov qardaşlarının bu sahədəki fəaliyyəti nəticəsində mətbəələr genişlənir, istər qəzet, məcmuə və istərsə kitab nəşri üçün böyük imkan yaranırdı. Şuşa, Naxçıvan kimi şəhərlərdə də zəif, məhdud imkanla olsa da, çapxana binası qoyulurdu. thumb|288x288px|1911-ci ildə təqiblərlə həbs və sürgün edilmiş Azərbaycan jurnalistləri "Təkamül" ilk nömrəsini Məhəmməd Hadinin "El fəryadı" adlı azadpərəst şeiri ilə başlayır. Şair millətin səadətini hürriyyətdə görür. "Təkamül" uzun müddət davam edə bilmədi. 1907-ci ildə onun əvəzinə "Yoldaş" nəşr olundu, o da tez bağlandı. Bu dövrdə müxtəlif dünyagörüşləri təmsil edən qəzet və jurnallar nəşr olunur, sürətlə bir-birini əvəz edirdilər ki, bunlardan "Molla Nəsrəddin", "Dəvət-Qoç", "Bakinski raboçi", "Dəbistan", "Hilal", "Tərəqqi", "Tuti", "Kəlniyyət", "Babayi-Əmir" və s. göstərmək olar.
Qəzetlər arasında az-çox ardıcıl demokratik xətti Haşım bəy Vəzirovun nəşr etdirdiyi "Tazə həyat" (1907–1908), "İttifaq" (1908–1909), "Səda" (1909–1911), "Sədayi-vətən" (1911–1912), "Sədayi-həqq", "Sədayi-Qafqaz"da (1915–1916) görmək olar.
"Məzəli" jurnalı "Molla Nəsrəddin"dən sonra mətbuat tarixində ən məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin bir qələm ilə əks olunur. "Məzəli" yalnız ümumi məsələlərdən yox, ölkənin daxili vəziyyətindən, şəhər həyatından da bəhs edirdi. Burada köhnə pərəstlər, avamlar, maarif və mədəniyyət düşmənləri, rüşvətxorlar, yalançı ruhanilər şiddətlə tənqid olunurdular. "Məzəli"də Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliağa Vahid, Cənnəti və s. qüvvətli qələm sahibləri iştirak edirdilər.
"Dəbistan" (1906–1907), "Rəhbər" (1906), "Məktəb" (1911–1917) isə tərbiyə və məktəb məsələlərindən bəhs edən pedaqoji məcmuələr idi. Burada sadə dildə şeirlər, hekayələr, nağıllar, məsəllər çap olunurdu. Süleyman Sani Axundovun "Qorxulu nağıllar"ı, bir sıra müəlliflərin (Abdulla Şaiq, M. A. Əliyev, Ə. M. Mustafayev və b.) yazdığı "Gülməli nağıllar" bu nəşrlərin ən faydalı yazılarındandır.
"İrşad" qəzeti Əhməd bəy Ağayev "Həyat" qəzetindən gedəndən sonra "İrşad" adlı yeni bir qəzet çıxarmağa başlayır. "İrşad" siyasi, ictimai, iqtisadi və elmi bir qəzet hesab edilirdi. Əhmədbəy Ağayev dövrünun görkəmli ədib və mühərrirlərini qəzet ətrafına toplaya bilmişdi. Bunlardan Haşım bəy Vəzirovu, M. Ə. Rəsulzadəni, Üzeyir bəy Hacıbəyovu, Ə. A. Müznibi və başqalarını göstərmək olar. Qəzet birinci il həftədə üç dəfə, ikinci il həftədə 4 dəfə və bəzi hallarda isə həftədə 5 dəfə olmaqla nəşr edilirdi. İrşad" qəzetində fəaliyyət göstərən görkəmli mütəfəkkirlər arasında Ü. Hacıbəyov, M. Ə. Rəsulzadə, F. Ağazadə, Ö. F. Nemanzadə, Q. Qarayev, A. Y. Talıbzadə, M. S. Axundov, A. Sur, S. M. Əfəndiyev, M. Hadi, N. Vəzirov, M. Ə. Sabir və başqaları da var idi.
1905–1908-ci illərdə Bakıda nəşr edilmişdir. 1908-ci ildə müvəqqəti redaktoru Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Üzeyir bəy Hacıbəyov "İrşad"-ın ən fəal əməkdaşlarından idi. Burada işlədiyi müddətdə 100-ə yaxın publisistik məqalə, "Ordan-burdan" ümumi başlığı altında 200-dən çox felyeton və satirik miniatür yazmış, "İrşad"-ın felyetonçusu kimi şöhrət tapmışdı. "İrşad"-ın nəşri iki dəfə dayandırılmışdı: 1907-ci ildə müvəqqəti, 1908-ci ildə isə həmişəlik. Hər ikisinin "günahkarı" Üzeyir bəy Hacıbəyov olmuşdur. Birinci dəfə "Stolıpinin xəyalı" felyetonuna, ikinci dəfə isə çar hökumətinin "İvan" obrazı ilə ciddi məsxərə olunduğu "Nağıl" felyetonuna görə.
"Tərəqqi" qəzeti "Tərəqqi" qəzeti qəzeti "İrşad" qəzetinin fəaliyyətinə xitam verildikdən sonra Əhməd bəy Ağayev tərəfindən nəşr etdirilirdi. Birinci nömrəsi 1908-ci il iyun ayının 3-də çıxmışdır. İmtiyaz sahibi M. Muxtarov idi. Qəzetin adı olan "Tərəqqi" sözünün aşağı hissəsində "Hürriyyət, müsavat, ədalət" sözləri yazılmışdı. Siyasi, ədəbi, ictimai və iqtisadi bir qəzet idi. "Tərəqqi" əvvəllər həftədə 5 dəfə, ilin axırına doğru gündəlik çap edilirdi. Əhməd bəy Ağayev İstanbula gedir, bununla qəzet də bir müddətdən sonra bağlanır. Bundan sonra Muxtarov "Tərəqqi" mətbəəsini alıb Haşım bəy Vəzirovun sərəncamına vermişdi.
"Füyuzat" məcmuəsi "Həyat" qəzeti bağlandıqdan sonra Əli bəy Hüseynzadə "Füyuzat" məcmuəsinin nəşrinə başlamışdı. İlk nömrəsi 1906-cı il 1 noyabrda çıxmışdır. İmtiyaz sahibi H. Z. Tağıyev idi. Ədəbi, siyasi, fənni və ictimai həftəlik məcmuə idi. Onun səhifələrində əsasən Əli bəy Hüseynzadə özü, M. Hadi, Abbas Səhhət, Əhməd Kamal, M. Ə. Rəsulzadə, M. Ə. Sabir, Həsən Səbri Ayvazov və başqaları çıxış edirdilər. Məcmuənin nəşri 1 noyabr 1907-ci ilədək davam etmişdir.