I Təhmasibin Gürcüstan yürüşləri — Səfəvi imperiyasının ikinci hökmdarı olan I Təhmasibin indiki Gürcüstan ərazisində yerləşən Kartli və Kaxeti çarlıqlarını ərazilərinə həyata keçirmiş yürüşləri.

Şah Təhmasibin mütəmadı olaraq maraqlandığı bölgələrdən biri də Gürcüstan idi. Bunun səbəbləri içərisinə indiki Gürcüstanın cənubu və indiki Ermənistan ərazilərini əllərində saxlayan Ustaclı tayfasının gücünü azaltmaq dursa da, digər bir məqam yağma idi. Əsasən xristian olan gürcü torpaqlarına hücumların çox zaman motivi cihad olurdu.; . Şah Təmasibin ilk yürüşü zamanı Tiflis yağmalanmış, onun kilsələri, gürcü zadəganların sərvətləri, uşaqları və arvadları qənimət olaraq ələ keçirilmişdi. Həmçinin sonda Tiflis, Golbad kimi şəhərlərin hakimləri şiəliyi qəbul etməyə məcbur olmuşlardı. Kartli kralı I Luarsab xilas olmağı bacarmış və Təhmasibin yürüşləri zamanı gizlənmişdir. İkinci yürüşün məqsədi gürcü torpaqlarında stabil qızılbaş hakimiyyətini təmin etmək idi. Yenə yağmalamalarla müşahidə edilən yürüş nəticəsində Kaxetiya kralı Levan tabe edilmiş və o, şaha tabe olacağı barədə and içmişdir. Amasiya sülhündən bir il əvvəl daha bir yürüş həyata keçirilmişdir. Bu yürüşlərin hər birində xeyli sayda qənimət ələ keçirilməklə birlikdə, qızılbaşlar, çox sayıda əsir də əldə edərək geri dönmüşlərdir. Mənbələrdə bir yürüşdə 30 min əsirin ələ keçirildiyi bildirilməkdədir. Belə əsirlərdən biri də Luarsabın anası Nestan Darejandır ki, əsir götürüldükdən sonra intihar etmişdir. Bu əsir götürülənlərdən bəzisi sonradan Səfəvi bürokratiyasına daxil olmağı da bacarmışdırlar.

1555-ci ildə Amasiya sülhünə uyğun olaraq şərqi Gürcüstan qızılbaşların hakimiyyəti altında qaldı. Bundan sonrakı yürüşlərdə Şah Təhmasib özü şəxsən iştirak etmədi, bunun əvəzinə regiondakı qızılbaş hakimiyyətini Şahverdi Sultan Ziyadoğlu Qacar təmsil etməkdə idi. O, ümumilikdə Arazdan şimaldakı torpaqlara hakimlik etməkdə idi. Təhmasib buradakı hakimiyyətini davamlı etmək üçün Kartli və Kaxetiya taxtına şiəliyi qəbul etmiş şəxsləri keçirməkdə idi. Bunlara misal olaraq, I Simonun qardaşı Davud xanı misal göstərmək olar. Kaxetiyalı Levanın oğlu şahzadə Jesse də 1560-cı illərdə Qəzvinə gəlmiş və şiəliyi qəbul etmişdir. Bunun qarşılığında da Şah Təhmasib ona hədiyyələr və vəzifə vermişdir. Ona Qəzvində saray hədiyyə edilmiş, Şəkinin və ətraf ərazilərin hakimi təyin edilmişdir. Bu gürcü şahzadələrinin şiəliyi qəbul etməsi Tiflisi geri qaytarmağa çalışan Kartli hökmdarları I Luarsaba, onun oğlu I Simona qızılbaşlara qarşı mübarizə aparmağı davam etdirmələrinə əngəl olmadı. Bu gürcü hakimlərinin qızılbaşlarla döyüşdüyü Qarisi döyüşündə də yekun mütləq qalib müəyyənləşməmişdi.

Arxa plan Azərbaycan və Şərqi Anadolu mərkəzli dövlət üçün XV əsrdən və daha əvvəllərdən etibarən Gürcüstana edilən hərbi yürüşlər adi bir şeyə çevrilmişdi. Şah İsmayılın ana tərəfdən babası olan Ağqoyunlu Uzun Həsən Gürcüstan knyazlıqları üzərinə 3 dəfə — 1458, 1461 və 1476 — böyük yürüş həyata keçirmişdi. Şah İsmayıl özü də hətta Çaldıran döyüşündəki məğlubiyyətdən sonra da Gürcüstan ərazilərinə ordular göndərmişdir. Bu qədər yürüş edilməsinin bir neçə səbəbi var idi və bunlardan ən əsası regionun coğrafi yerləşməsi idi. Osmanlı və Səfəvi imperiyaları arasındakı rəqabət onlara bufer zona yaratmağa sövq edirdi və belə bir bölgə də məhz Gürcüstan idi. Təhmasibin dövründəki yürüşlərin səbəblərindən biri də qızılbaş ordusu daxilində vaxtaşırı formalaşan yağma ehtiyacı idi. Lakin onun ilk yürüşünün səbəbi tamamilə başqa idi və qızılbaş yüksək komandanlığının uğurlu hərbi yürüş həyata keçirməklə ordudakı həmrəyliyi və döyüş əhval-ruhiyyəsini yüksəltməyi hədəfləməkdə idi. Parçalanmış gürcü krallıqlarında siyasi və hərbi birliyin olmaması onları Osmanlı və Səfəvilərin daha böyük və daha mütəşəkkil orduları üçün asan hədəfə çevirirdi.

Gürcüstanın xristian əhalisi ətraf türk-müsəlman dövlətləri üçün onları legitim hədəfə çevirirdi. Bu dövlətlər öz siyasi legitimliklərini təmin edə bilmək üçün tez-tez cihad amilindən istifadə edirdilər. Bu, hüquqi nöqteyi-nəzərdən onlara qeyri-müsəlman əhaliyə vergi və xərac qoymaq imkanı verirdi. Bununla belə, "sərhəd torpaqlarında" iki imperiya arasında dini və siyasi qarşıdurma da az əhəmiyyət kəsb etmirdi; legitimlik iddialarını gücləndirmək üçün imperiya gücünün nümayişinə ehtiyac tez-tez bölgədə hərbi əməliyyatlarla nəticələnirdi. Üstəlik, bu dövrdə Səfəvi dövləti yüksək dərəcədə hərbiləşdirilmişdi və bu vəzifələri yerinə yetirən qızılbaşlar üçün müharibə təbii və ülvi bir həyat tərzi idi. Məhz müharibədə onlar öz şücaətlərini, fədakarlıqlarını və şərəflərini sübut edə bilərdilər. Müharibə həm də varlanmaq və geniş torpaq sahələrinə sahib olmaq imkanı verirdi. Təhmasib bu kampaniyalarda iştirak edən əmirləri əsas dövlət vəzifələrinə təyin edir və onlar da öz növbəsində yeni əldə etdikləri vəsaiti öz tabeliyində olanlara paylayırdılar. Bütün bunlar Qafqaza genişlənmək üçün güclü motiv idi və Səfəvi ali komandanlığı bu faydaların bölgədə Osmanlılarla birbaşa toqquşma riskindən üstün olduğuna inanırdı.

Birinci yürüş (1541) Şah Təhmasibin Gürcüstan ərazisinə ilk yürüşü 1541-ci ildə baş vermişdir. Bu zaman şahın 27 yaşı var idi və o, artıq bütün hakimiyyəti öz əlində cəmləşdirmiş, əyalətlərə etibarları əmirləri, qızılbaşların yüksək elitasından ona sadiq şəxsləri yerləşdirmişdi. Bu yürüş başladığı zaman fəlakətli vətəndaş müharibəsi sona çatmış, 1539-cu ildə özbəklər üzərində qələbə qazanmaqla şərq sərhədlərində stabillik yaradılmış və 1533-cü ildən 1535-ci ilə qədər davam etmiş Süleymanın yürüşünün üzərindən 6 il keçmişdi. Kartli və Kaxeti çarlıqları Səfəvi basqınlarının ən ağır yükünü Şah Təhmasibin dövründə (daha sonra isə onun nəvəsi I Abbasın hakimiyyəti dövründə) çəkdi. Digər tərəfdən, Samtsxe knyazlığı öz müstəqilliyini qoruyub saxlamaq və bilavasitə tabeliklə nəticələnə biləcək hərbi münaqişə riskindən qaçmaq üçün coğrafi uzaqlığından istifadə edərək Səfəvilərlə siyasi dialoqa getdi. Sabaratiano, Saamilaxvaro və Satsitsiano kimi bir neçə muxtar dövlətə sahib olan Kartli Krallığının Baqrationilər sülaləsindən güclü bir hökmdarı var idi — Kral Konstantin Luarsabın birbaşa nəslindən olan Kral I Luarsab. O, bu dövrdə Şah Təhmasibin əsas rəqibi idi və Səfəvilərin Kartli və qonşu bölgələrdə hökmranlıq etmək cəhdlərinə şiddətlə müqavimət göstərdi.

Dövrün Səfəvi mənbələri gürcü çarlıqları arasında heç bir fərq qoymur; bu mənbələrdə bölgə üçün ümumi təyinat "Gürcistan" terminidir. Lakin hökmdarlar və ya tanınmış şəhərlər (məsələn, Qori və ya Tiflis) arasında fərq qoymaqla konkret hansı krallıqdan bəhs edildiyini müəyyən etmək olar. Bu mənbələrə görə, bu kampaniyaların başlamasının əsas motivi kafirlərə qarşı "müqəddəs müharibə"dən (qəzavat və cihad) başqa bir şey deyildi. Salnaməçi Həsən-bəy Rumlu yazır: "İmanın müdafiəçisi Şah İslamın qələbəsi və Peyğəmbərin dininin möhkəmlənməsi naminə… qorxmaz qoşunlarla Gürcüstana yürüş etdi. " Digər tərəfdən, erməni salnaməçisi Zakaria Kanakertsi yazır ki, ilk işğalın səbəbi məhz gürcülər olub, onlar "Tiflisə gələn istənilən iranlıya hücum edib qarət ediblər". 1541-ci ildə qızılbaş qoşunları Qarabağdan şimala, kral Luarsabın hakimiyyəti altında olan Kartli çarlığının paytaxtı Tiflisə doğru irəlilədilər. Səfəvi işğalından cəmi iki il əvvəl Gürcüstandan keçən Venesiya elçisi Mişel Membray yazırdı:

Membrenin məlumatına görə, Kaxetiya çarlığı ən azı 1538-ci ilə qədər Səfəvi imperiyasına xərac vermişdir. Şah Təhmasibin Gürcüstana təşkil etdiyi bu ilk yürüşündə iştirak etmiş Həsən bəy Rumlu günümüzdə mövcud olan digər qaynaqlarla nisbətdə daha ətraflı məlumat verir. Onun yazdıqlarına görə, qızılbaş ordusu Tiflis şəhərinı gecə ikən çatdı və dərhalda şəhərə hücum təşkil edildi. Luarsabın sərkərdələrindən biri olan Kəlbəd-i Gürci öz döyüşçüləri ilə birlikdə Tiflis şəhərində idi və müqavimət göstərmək niyyətində idi. Sonda o, məğlub edildi, şəhər qızılbaşlar tərəfindən ələ keçirildi. Şəhər qarət edildi, insanlar isə əsir götürüldü. Bir digər gürcü sərkərdəsi Habş Bartis qalasına qaçdı və sonda məğlub edildi. İslamı qəbul edənlərin, o cümlədən sərkərdə Kəlbədin canı sağ qaldı, dinindən dönməyənlər isə dərhal edam edildi. Qızılbaş qoşunu Luarsabı və onun camaatını ələ keçirmək üçün Kür çayının sahili boyunca yürüşə başladı. Qoşun tezliklə qənimət və çoxsaylı əsirlərlə Təbrizə qayıtdı. Bu yürüşlərin nəzərə çarpan xüsusiyyəti gürcü knyazlıqlarında qalaların mühasirəyə alınmasıdır. Əslində, hərbi hücumun hər raundunun müvəffəqiyyəti əraziyə nəzarət edən qalalar zəncirinin tutulmasından asılı idi. Daş qala gürcü hərbi aristokratiyasının qüdrətinin simvolu — onların siyasi və inzibati aparatının mərkəzi, eləcə də bu ərazidə hərbi qüdrətinin əsası idi. Yəni bölgəyə hakim olmaq üçün ilk öncə o bölgənin mərkəzi qalasına sahib olmaq gərəkməkdə idi. Qala bu yürüşlər zamanı Səfəvi qoşunlarının gürcü kəndlərində rastlaşdıqları ən güclü, təhdidedici və hakim struktur idi. Qalanın ələ keçirilməsi gürcü silahlı qüvvələrinin hər hansı konkret ərazidə qüdrətini qırmaq üçün tamamilə zəruri idi və bu yürüşlərdə mühüm yer tuturdu.

Səfəvilərin 1541-ci il yürüşü uğurlu oldu. Bu nəticə özündən xeyli sayda üstün olan Osmanlı ordusu ilə yaşanan çətin döyüşlərdə qızılbaş ordusunun əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb oldu. Müvafiq olaraq, bu qələbə Təhmasibin özünə böyük şəxsi fayda gətirdi, çünki onun silahlı qüvvələrinin gözündə artan qüdrətini və nüfuzunu əks etdirirdi. Nəzərə almaq lazımdır ki, bu dövrdə Şah Təhmasibə öz şəxsi nüfuzunu yüksəltmək və mərkəzi hakimiyyəti gücləndirmək üçün hərbi uğura ehtiyacı var idi. Nəticədə bu yürüşdə qazanılmış uğur qızılbaş əmirlərinin şahlarına olan sədaqətlərinin yüksəlməsinə səbəb olmuş və onun güclü bir lider olduğuna inandırmışdı. Şübhəsizdir ki, bu hərbi qələbədən Şah Təhmasib üçün siyasi qələbələr də doğmuşdu. Buna görə də, Şah Təhmasib yürüşün tam zəfərə çatmamasına baxmayaraq, onun nəticələrindən razı qalmalı idi.

İkinci yürüş (1547) 6 il sonra — 1547-ci ilin qışında Şah Təhmasib Gürcüstana, Kaxetiya çarlığının üzərinə yeni yürüşə başladı. Görünüşə görə, bu qərarın verilməsində Şah Təhmasibin ögəy qardaşı Əlqas Mirzənin üsyan qaldırması və Osmanlının üçüncü yürüşündə iştirak etməsi faktı önəmli rol oynamışdır. Əlqas Mirzənin üsyan qaldırması xəbəri 1546-cı ildə şah Qəzvində olduğu zaman ona çatdı. Şahın elçisi Əli ağa qapıçıbaşı onu razı salmaq məqsədi ilə Əlqasın iqamətgahı olan Şirvana göndərildi. Elçinin cəhdləri nəticəsiz qaldı. Bundan sonra Şah Təhmasib ordunun başında özü olmaqla birlikdə Şirvana yürüşə çıxma qərarı verdi. Şahın ordu ilə gəlməsini eşidən Əlqas Mirzə təhlükəni hiss edərək anasını və oğlu Əhməd Mirzəni şah sarayına göndərərək bağışlanmasını istədi. Şah təklifi qəbul etdi və özünün yüksəl rütbəli məmurları olan Şahqulu Xəlifə Möhürdarı, Sevindik bəy Qorçubaşını və Bədr xan Ustaclını Əlqas Mirzənin birdə üsyan qalxmayacağı barədə Quranın üzərinə and içməsini təşkil etmək üçün Şirvana göndərdi. Əlqas Mirzə gəlinən razılığa görə ildə şahın xəzinəsinə ildə min tümən vergi verəcəyini, müharibə halında min nəfər döyüşçü göndərəcəyini və taxta ölənə qədər sadiq qalacağına and içdi. Bütün bu olanlardan Şah Təhmasib o qədər də razı qalmasa da, şimala doğru yürüşünü davam etdirərək Səhənddən Təbrizə gəldi.