Söhrab Mirqəzənfər oğlu İbrahimov () — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yüngül sənaye naziri (1982–1989), Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı.

Həyatı Söhrab Mirqəzənfər oğlu İbrahimov 1943-cü ildə Dəvəçi rayonunda anadan olmuşdur. 1961-ci ildə orta məktəbi, ardınca 11№-li Şəhər Texniki Peşə Məktəbinin elektrik çilingərliyi kursunu bitirmişdir.

1959-cu ildən sovxozlar trestində fəhlə, cihazçı, çilingər işləmişdir. 1968-ci ildən 5 nömrəli Bakı ayaqqabı fabrikində fəhlə, dispetçer, sex rəisi olmuşdur. 1972-ci ildən fabrikin direktor müavini, 1973-cü ildən isə direktoru, 2 nömrəli ayaqqabı fabriki direktorunun müavini vəzifələrində çalışmışdır. İstehsalatdan ayrılmadan Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. 1977-ci ildən Azərbaycan SSR yüngül sənaye nazirinin müavini, 1979-cu ildən Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsinin Yüngül sənaye və yeyinti məhsulları sənayesi şöbəsinin müdiri olmuş, 1982-ci ildən Azərbaycan SSR yüngül sənaye naziri vəzifəsində çalışmışdır. Sonralar isə SSRİ-nin Türkiyə Cümhuriyyətindəki Baş konsulu olmuşdur.

Söhrab İbrahimov 1971-ci ildən Sov.İKP üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı və Naxçıvan MSSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.

"Kommunist" qəzetinin 21 fevral 1987-ci il tarixli nömrəsində dərc olunmuş məlumatda Azərbaycan SSR-nin bir sıra mühüm dövlət qurumlarının, o cümlədən Tikinti, Mənzil-Kommunal Təsərrüfatı, Yüngül Sənaye, Əhaliyə Məişət Xidməti nazirliklərinin, həmçinin Bakı Baş Tikinti İdarəsi və Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin rəsmi mətbuat orqanına abunə yazılmadıqları qeyd olunmuşdur. Tənqidi materialda bildirilmişdir ki, sözügedən nazirlik və idarələr qəzeti mütəmadi izləmədikləri üçün daxil olan tənqidi iradlara və analitik yazılara illərlə rəsmi cavab verməmək üçün bu vəziyyətdən bir bəhanə kimi istifadə etmişdilər. Söhrab İbrahimovun rəhbərlik etdiyi dövrdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi bu tənqidlərdən nəticə çıxararaq qəzetə abunəliyin bərpa olunması barədə qərar qəbul etmişdir, lakin rəsmi sənədləşmə zamanı yol verilən mexaniki səhv səbəbindən nazirlik Bakıda nəşr olunan "Kommunist" qəzetinin əvəzinə, Ermənistan SSR-də rus dilində işıq üzü görən eyniadlı "Kommunist" qəzetini sifariş etməli olmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Texniki Universitetinin məzunları