Bernard Hovell Liç (; ) – yapon dulusçuluq sənətini tədqiq etməsinə görə tanınan ingilis dulusçu, keramikaçı, müəllif, filosof və yazıçı. O, Qərb dünyasını yapon dulusçuluq sənətinin müxtəlif üslubları ilə tanış etmişdir.

Həyatı thumb|left|Liçin Sent-Ayvsda yerləşən dulusçuluq studiyasındakı bir rəfi.|170px Liç Honkonqda doğulmuş, təhsilini İngiltərədə almışdır. Sleyd İncəsənət Məktəbivə London İncəsənət Məktəbində təhsil aldıqdan sonra 1909-cu ildə Yaponiyaya getmiş, Yaponiyanı ofort texnikası ilə tanış etmişdir. Yaponiyada keçirdiyi 2 ilin ardından Kenzan məktəbinin 6-cı nəsildən olan ustasından dulusçuluq sənəti öyrənməyə başlamışdır. Kenzan məktəbi XVIII əsrin əvvəlində Kenzan Korinin qardaşı olan Kenzan Oqata tərəfindən qurulmuş dulusçuluq məktəbi idi. Liç və dostu Kenkiçi Tomimoto Kenzan dulusçuluğunun 7-ci nəslini təmsil etmək üçün sertifikat əldə etmişdirlər. Liç yapon dulusçuluq sənətinin müasir təmsilçisi olan Hamada Şoci ilə də yaxın münasibətlər qurmuşdur.

Liç və Hamada 1920-ci ildə İngiltərəyə gedərək Sent-Ayvsda "Leach Pottery" şirkətini qurmuş, Qərb dünyasında ilk dəfə Asiya stilində olan ənənəvi dulusçuluq sobası tikmişdirlər. Dünyanın müxtəlif yerlərindən olan peşəkar dulusçular və tələbələr dulusçuluq sənətini öyrənmək üçün Sent-Ayvs studiyasına gəlirdilər. 1956-cı ildə studiyanı Liçin üçüncü arvadı olan, Hamada ilə birlikdə Yaponiyada dulusçuluq sənətini öyrənən Cenet Darnell idarə etməyə başlamışdır. Liç 1929-cu ildə İngiltərənin Darlinqton şəhərində kiçik dulusçuluq studiyası da açmışdır.

Liç 18 ilini Yaponiyada keçirmiş, bu ölkəni dəfələrdə ziyarət etmişdir. Onun başlıca məhsulu seladon və Çin üslubunda olan temmoku kimi Asiyada təkmilləşdirilən daş keramikalar idi. Liç Raku üslubunda olan dulusçuluq sənətindən və çay mərasimi üçün istifadə olunan əşyalardan ilham götürmüşdü.

Təltifləri Liç dulusçuluq sənətindəki yaradıcılığına görə bir çox mükafata layiq görülmüşdür: Amerika Dulusçuluq Cəmiyyəti tərəfindən Binns medalına layiq görülmüş, Milanda Qızıl medalla təltif edilmiş, İngiltərənin Cənub-Qərb Universiteti tərəfindən fəxri doktorantura dərəcəsi almışdır. 1966-cı ildə Yaponiya hökuməti tərəfindən ikinci dərəcəli "Müqəddəs xəzinə" ordeni ilə təltif edilmişdir.

Kitabları Liç Hamada və Yanaqi Soetsu ilə birlikdə xalq sənətini tanıtmaq üçün hərəkat qurmuş, Yanaqinin xalq incəsənətinin estetikası haqqında olan kitabını "Naməlum sənətçi" (1972) adı altında ingiliscə nəşr etdirmişdir. 1975-ci ildə Hamadanın xatirəsini yad etmək üçün "Hamada, dulusçuluqçı" kitabını yazmışdır. Bu kitablardan əvvəl isə 1940-cı ildə "Dulusçunun kitabı", 1950-ci ildə isə "Dulusçunun portfoliosu" adlı işini nəşr etmiş, bu kitablarda estetik baxışları və dulusçu olması haqqında məlumatlar paylaşmışdır.

Liç növbəti illərdə "Kenzan və onun ənənəsi" (1966), "Dulusçunun sənəti" (1967), "Şərq və Qərbin o tərəfində" (1978) adlı kitablar yazmışdır.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Keramika sənətçiləri Kateqoriya:Dulusçular Kateqoriya:"Müqəddəs xəzinə" ordeni ilə təltif edilənlər Kateqoriya:Bəhailər Kateqoriya:Britaniya rəssamları Kateqoriya:Birləşmiş Krallıq pedaqoqları