Fiona Eppl (; ) — ABŞ müğənnisi, bəstəkar və mahnı müəllifi. 1996-cı ildən bu yana çıxardığı beş albomunun hamısı "Billboard 200" reytinqində ilk iyirmiliyə düşməyi bacarıb. 2021-ci ilə olan məlumatlara görə, dünya üzrə 15 milyondan çox əsəri satılıb. Fiona Eppl karyerası boyu bir çox mötəbər mükafat qazanıb. Bunların arasında üç Qremmi, iki MTV Video Musiqi Mükafatı və bir Billboard Musiqi Videosu Mükafatı var. "Rolling Stone" jurnalı öz "Bütün zamanların ən yaxşı 500 albomu" siyahısında onun üç əsərinə yer verib.
Aktyor Brendon Maqqartın ən balaca övladı olan Fiona Eppl Nyu-Yorkda doğulub. Uşaqlığını anasının Nyu-Yorkdakı və atasının Los-Ancelesdəki evləri arasında keçirib. Balaca yaşlarından piano öyrənib və səkkiz yaşında ilk mahnılarını bəstələyib. 1996-cı ildə çıxan ilk albomu "Tidal" yeniyetməlik dövründə yazdığı mahnılardan ibarət olub. "Criminal" mahnısı sayəsində 39-cu "Qremmi" mükafatları mərasimində "Ən yaxşı qadın rok ifaçısı" mükafatına layiq görülüb. Con Brayonun prodüserliyi ilə hazırladığı "When the Pawn..." adlı ikinci albomu 1999-cu ildə dinləyicilərə təqdim edilib. Əsərə mütəxəssislər yüksək qiymət veriblər. Albom həmçinin Amerika Səsyazma Sənayesi Assosiasiyasından platin statusu qazanıb.
Erkən həyatı və təhsili Sənət dünyası ilə sıx bağlı ailədə böyüyüb. Anası müğənni Dayan Makafi, atası isə aktyor Brendon Maqqartdır. Valideynləri Brodveydəki "Alqış" () musiqili tamaşasında tanış olublar. Atası Tennessi ştatındadır və Fiona onun vasitəsilə Melancan köklərini daşıyır. Nənə-babası isə rəqqasə Millisent Qrin və dövrünün məşhur orkestr müğənnisi Conni Makafi olub. Fionanın bacısı Ember də səhnə həyatını seçib: Mod Maqqart adı ilə kabare üslubunda performanslar təqdim edir. Atasının digər övladı, ögey qardaşı Qarett Maqqart isə aktyorluq sahəsində karyera qurub.
Körpəlik və uşaqlıq illəri Nyu-Yorkun Harlem məhəlləsindəki Morninqsayd-Qardens binalarında ana və bacı qayğısı altında keçib. Hər yay mövsümündə Los-Ancelesdəki atasının yanına gedib və orada qalıb. İlk təhsil pilləsini "St. Hilda's & St. Hugh's School" adlı xüsusi yepiskop məktəbində qoyub, orta təhsil üçün Los-Ancelesdəki "Alexander Hamilton High School"a davam edib, bununla yanaşı, ev şəraitində də bilik almağı sürdürüb.
Fortepiano təhsili zamanı gitara üçün nəzərdə tutulmuş tablaturaları ənənəvi nota yazısına çevirməyi öyrənib. Sonrakı illərdə caz musiqisinin fundamental əsərlərinə yönəlib və Billi Holidey, Ella Fitscerald kimi ikonik sənətkarların musiqisi ilə dərindən məşğul olub.
Uşaqlıqdan Fiona obsessiv-kompulsiv pozğunluq, depressiya və narahatlıqla mübarizə aparıb. Bunlara bir də kompleks travma sonrası stress pozğunluğu da əlavə olub. On iki yaşında başına faciəvi hadisə gəlib. Harlemdəki evlərinin qapısı önündə cinsi təcavüzə məruz qalıb. Bu hadisədən sonra yeməyi kəsib. Qəsdən arıq qalmağa çalışıb. Yetkinləşməkdə olan bədəni onu yeni hücumlara açıq edər deyə inanırmış.
"Həqiqətən qida pozğunluğum var idi" deyə xatırlayır. "Məni ən çox əsəbiləşdirən odur ki, hamı məni anoreksik sanırdı, halbuki belə deyildim. Sadəcə çox depressiyada idim və özümdən nifrət edirdim." Sənətçi həmçinin obsessiv-kompulsiv pozğunluğunun qida seçiminə necə təsir etdiyini də izah edib. Yediyi yeməyin müəyyən rəng və formada olmasını istəyirdi.
Keçirdiyi təcavüz hadisəsindən sonra özünümüdafiə kurslarına qoşulsa da, bu, onun yaşadığı dərin psixoloji travmanı aradan qaldıra bilməyib. Məktəbdən evə qayıdarkən panik ataklar keçirməyə davam edib. Hər gün yaşadığı qorxu və narahatlıq hissi getdikcə daha da şiddətlənib. Ailə üzvləri onun vəziyyətinin ciddiləşdiyini görüb və qərar veriblər ki, onu müəyyən müddət Los-Ancelesə atasının yanına göndərsinlər. Beləliklə, təxminən bir il ərzində Kaliforniyada yaşayıb və orada "Alexander Hamilton High School" məktəbində 10-cu sinif şagirdi kimi təhsil alıb.
2000-ci ildə verdiyi müsahibədə Fiona jurnalistlərin fərziyyələrinin əksinə olaraq, mahnılarının təcavüz travması haqqında olmadığını bildirib: "Həmin hadisə haqqında yazmıram. Bayağı bir ağrıdır. O qədər əski, əziyyətli bir ağrıdır ki, poetik tərəfi belə yoxdur ümumiyyətlə" deyə açıqlayıb. Lakin sənətçi 2020-ci ildə verdiyi müsahibədə bu sözlərinə görə peşmançılıq ifadə edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Qadın pianoçular Kateqoriya:ABŞ feministləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Epic Records artistləri Kateqoriya:Columbia Records artistləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:ABŞ qadınları Kateqoriya:Art-pop musiqiçiləri