Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) – Azərbaycan Respublikasında elektroenergetika, istilik və qaz təchizatı sektorlarında istehsalçılar, ötürücülər, qazı nəql edənlər, saxlayanlar, paylayıcılar, təchizatçılar, qaz satıcıları və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən publik hüquqi şəxsdir.

Tarixi Agentlik Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli 1750 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statu ilə yaradılıb. Eyni Fərmanla Agentiyin Nizamnaməsi təsdiq olunub.

2018-ci tarixi 992-VQD, 993-VQD, 994-VQD, 995-VQD nömrəli qanunlarla Agentliyin fəaliyyəti üçün Azərbaycan Respublikasının "Energetika haqqında" 24.11.1998-ci il tarixli 541-IQ nömrəli (05.12.2023-cü il tarixlində qüvvədən düşüb), "Elektroenergetika haqqında" 03.04.1998-ci il tarixli 459-IQ nömrəli (01.01.2024-cü il tarixindən qüvvədən düşüb), "Qaz təchizatı haqqında" 30.06.1998-ci il tarixli 513-IQ nömrəli (01.01.2026-ci il tarixindən qüvvədən düşüb) və "Elektrik və istilik stansiyaları haqqında" 28.12.1999-cu il tarixli 784-IQ nömrəli (01.01.2024-cü il tarixindən qüvvədən düşüb) qanunlarına dəyişiklik edilərək Agentliyə müvafiq qurumlar tərəfindən haqq ödənilməsi üçün hüquqi baza yaradılıb, Energetika Nazirliyi tərəfindən həmin haqların ödənilməsi “Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında" Energetika Nazirliyi Kollegiyasının 5 mart 2018-ci il tarixli, 2 №-li Qərarı ilə müəyyən edilib, Agentliyin ştat cədvəli və xərclər smetası Energetika Nazirliyinin 1 mart 2018-ci il tarixli, 26 №-li Əmri ilə təsdiq edilib və Agentlik 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlayıb.

15 fevral 2018-ci il tarixli 49 №li Nazirlər Kabineti Nzirlər Kabineti Qərarı ilə Agentliyin İdarə Heyətinin sədri Energetika Nazirliyinin Kollegiyasına daxil edilib. Beləliklə Nazirliyin yuxarı kollegiyal orqanında Agentlik təmsil olunub.

Nizamnaməsinə uyğun olaraq, Agentlik tərəfindən həyata keçirilən nəzarətin prosedurlarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli 204 №-li Fərmanı ilə "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilib. Agentliyin fəaliyyəti üçün tələb olunan hüquqi və institusional islahatların işlənib-hazırlanması və həyata keçirilməsi prosesi Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankının "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək" layihəsi çərçivəsində müasir beynəlxalq standartlara və qabaqcıl dünya dövlətlərinin təcrübəsinə və mütərəqqi beynəlxalq təcrübəyə əsaslanılaraq aparılıb.

Agentlik 2018-ci ilin aprel ayından Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvü seçilib.

22 may 2018-ci il tarixli 88 №-li Prezident Fərmanı ilə Agentliyin Nizamnamə fondu 1000 manatdan 7.914.367,3 manata qaldırılıb. Bu akt Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli 1750 №-li Fərmanının 5.4-cü bəndinin icrası qaydasında qəbul edilib.

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli 204 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası qaydasında Nazirlər Kabinetinin qərarları ilə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq təsdiq edilmiş (o vaxta qədər SSRİ-də qəbul olunmuş qanunvericilik qüvvədə olub) aşağıdakı qaydalarda Agentliyin texniki nəzarət istiqamətində səlahiyyətləri daha da dəqiqləşdilrilmişdir:

elektrik qurğularının quraşdırılması qaydası (Nazirlər Kabinetinin 31 yanvar 2025-ci il tarixli 18 №-li Qərarı ilə qüvvədən salınıb); elektrik və istilik qurğularının texniki istismar qaydası (Nazirlər Kabinetinin 31 yanvar 2025-ci il tarixli 18 №-li Qərarı ilə qüvvədən salınıb); elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası (Nazirlər Kabinetinin 31 yanvar 2025-ci il tarixli 18 №-li Qərarı ilə qüvvədən salınıb); elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydası; yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi qaydası (Nazirlər Kabinetinin 2 aprel 2025-ci il tarixli 96 №-li Qərarı ilə ləğv edilib). Agentliyn regional fəaliyyəti 2018-ci ildə Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin şəhər regional idarələrinin bazasında təşkil olunub. Sonradan onların adları Agentliyin Nizamnaməsinə uyğunlaşdırlaraq "filial" kimi dəqiqləşdirilib. Həmin filialları fəaliyyət əraziləri (əhatə dairəsi) energetika nazirinin 09 iyul 2020-ci il tarixli F-79 №-li Əmri ilə təsdiq olunmuş əsasnamələri ilə müəyyən edilib.

Aşağıdakı yeni Qanunlarda Agentliyin səlahiyyətləri "tənzimləyici" termini ilə qeyd edilib:

"Elektroenergetika haqqında" 11 aprel 2023-cü il tarixli 858-VIQ nömrəli Qanun; "Energetika haqqında" 24 oktyabr 2023-cü il tarixli 1006-VIQ nömrəli Qanun; "Qaz təchizatı haqqında" 8 iyul 2025-ci il tarixli 233-VIIQ nömrəli Qanun; "İstilik təchizatı haqqında" 24 iyun 2025-ci il tarixli 222-VIIQ nömrəli Qanun. 1 mart 2024-cü il tarixli 13 nömrəli Prezident Fərmanı ilə yaradılmış Enerji Effektivliyi Fondunun vəsait sərəncamçısı kimi Agentlik müəyyən olunub. Eyni Fərmanla Fondun Qaydaları təsdiq edilib.

İdarə olunması

İdarəetmə orqanı Agentliyə rəhbərlik və nəzarəti İdarə Heyəti (sədr və onun iki müavini) həyata keçirir. İdarə Heyətinin sədri Samir Axundov, sədr müavinləri isə Rövşən İsmayılov və Ramin Babayevdir.

Filialları Agentlik hazırda Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və Qarabağ olmaqla 11 filialı ilə fəaliyyət göstərir.

Fəaliyyət istiqamətləri Agentlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsində iştirak edir; qüvvədə olan qanunvericiliyə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə müvafiq sahədə əməl edilməsinə nəzarəti həyata keçirir; müvafiq sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən enerji resurslarından səmərəli istifadənin və enerji effektivliyinin təmin edilməsinə, habelə energetika sahəsində fəaliyyətin ətraf mühitə mənfi təsirinin qarşısının alınması və ya azaldılması üzrə müvafiq normalara uyğun tədbirlər görülməsinə nəzarəti həyata keçirir; müvafiq sahədə investisiya mühitinin əlverişliliyinin artırılması, habelə beynəlxalq təcrübə nəzərə alınmaqla, həmin sahələrə investisiya cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanmasını təmin edir; müvafiq sahədə istehsalçılar, təchizatçılar, ötürücülər, paylayıcılar və istehlakçılar arasında mübahisələrə baxır; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparır; müvafiq sahədə qiymət (tarif) siyasətinin formalaşdırılması ilə bağlı təkliflər verir; müvafiq sahədə sağlam rəqabət mühitinin yaradılması və enerji istehsalının səmərəliliyinin artırılması üçün tədbirlər görür; enerji effektivliyi fondunun vəsaitini idarə edir; Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Enerji effektivliyi fondu Enerji effektivliyi fondu Azərbaycan Respublikası Prezidentinin 1 mart 2024-cü il tarixli 13 nömrəli Fərmanı ilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılıb. Fondun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir.

Fondun vəsaiti hesabına Agentlik tərəfindən verilən güzəştli kreditlər, həyata keçirilən pilot layihələr, ayrılan qrant və subsidiyalar ölkənin enerji sektorunun inkişafına, enerji resurslarından səmərəli və dayanıqlı istifadəyə, o cümlədən ətraf mühitə mənfi təsirlərin azaldılmasına şərait yaradacaq.

Fondun vəsaitlərindən istifadə istiqamətləri aşağıdakı kimidir:

enerji effektivliyi üzrə tədbirlərin və dövlət proqramlarının icrasının dəstəklənməsi; enerji menecmenti sisteminin tətbiqi; ağıllı sayğacların və sistemlərin tətbiqi; kogenerasiya və yüksək effektiv kogenerasiya qurğularının tətbiqi; bərpa olunan enerji mənbələrindən istifadə; “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsində nəzərdə tutulan elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi. enerji effektivliyi informasiya sisteminin tətbiqi, təkmilləşdirilməsi, saxlanılması, altsistemlərinin yaradılması, habelə fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsi; Qeyd olunan Qanununun 18-ci maddəsində nəzərdə tutulan enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi.

Beynəlxalq əməkdaşlıq EMTA bir sıra ölkələrin tənzimləyici qurumları ilə əlaqələrin və təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində işlər görür. Belə ki, Agentlik Macarıstan, Avstriya, Gürcüstan, Rumıniya və Moldovanın enerji tənzimləyici qurumları ilə əməkdaşlığa dair anlaşma memorandumları imzalayıb. Bununla yanaşı, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Türkiyə və Bolqarıstanın enerji məsələləri üzrə tənzimləyiciləri ilə əməkdaşlıq haqqında protokollar imzalanıb. İstinadlar

Xarici keçidlər

Kateqoriya:22 dekabrda yarananlar Kateqoriya:2017-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycanın dövlət təşkilatları