II Əbdülhəmid (Osmanlı türkcəsi: عبد الحميد ثانی — Abdü’l-Ḥamīd-i sânî) () — 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi.
Həyatı
Şahzadəlik illəri left|thumb|288x288px|Əmisi Sultan Əbdüləzizlə çıxdığı Avropa səyahətində, 1867 21 sentyabr 1842-ci ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Tirimüjgan Sultan idi. 1847-ci ildə qardaşı Şahzadə Muradla birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 11 yaşında anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Pirüstü Sultanın himayəsində böyümüşdür. Sarayda xüsusi müəllimlərdən dərs aldı. Osmanlı türkcəsi ilə yanaşı, fars, ərəb və fransız dillərini öyrəndi. Uşaqlığı ana sevgisindən məhrum, atasından uzaq keçmişdir. Taxt namizədliyindən olduqca uzaq olduğu üçün sarayda gözlərdən kənar həyat yaşadı. Dövlət işləriylə yaxından maraqlansa da, düşüncələrini heç kəslə paylaşmırdı. Bu səbəblə saray əhli və dövlət adamları arasında çox da sevilmirdi. Yalnız əmisi Sultan Əbdüləziz ağlı və siyasi qabiliyyəti səbəbilə ona önəm verirdi. Belə ki, Misir və Avropa səyahətlərində onu da özüylə birlikdə aparmışdı. Şahzadəlik illəri olduqca sərbəst keçən Əbdülhəmid Əfəndi vaxtının çoxunu Sarıyerdəki böyük köşkdə torpaq işləriylə keçirirdi. Burada kənd təsərrüfatı və dəmir filizi mədənləri satın alaraq şəxsi təsərrüfatını yaratdı. Birjada böyük sərvət qazandı. Belə ki, taxta çıxanda şəxsi sərvəti 100 min qızıldan çox idi.
Səltənəti
İlk illəri Konstitusiyaya əsaslanan idarəçilik forması qurmaq istəyən və bu səbəblə Sultan Əbdüləziz və Sultan Muradı taxtdan endirən Mithat Paşa və dostlarıyla razılığa gələn Əbdülhəmid Əfəndi 31 avqust 1876-cı ildə cümə axşamı günü taxta çıxdı. Bu əsnada dövlət dərin böhran içərisində idi. Sultan Əbdüləziz dövründə başlayan bolqar və boşnak üsyanlarına Sultan Murad dövründə serb və alban ayaqlanmaları da qoşuldu. Bu üsyanları pərdə arxasından dəstəkləyən Rusiya imperiyası "Şərq məsələsi"nin həllində maraqlı idi. Dövlət isə düşdüyü maliyyə çətinlikləri səbəbilə üsyanları yatıra bilmirdi. Sultan Əbdüləzizin son illərində Mahmud Nədim Paşanın xarici borcların faiz dərəcələrini aşağı endirmək qərarı isə Avropada böyük etirazlara səbəb olmuşdu. Avropa ictimaiyyəti Osmanlı dövləti əleyhinə çevrilmişdi.
Bu şəraitdə taxta çıxan Sultan Əbdülhəmid Osmanlı tarixində o günə qədər görülməmiş bir çox addımlar atdı. Əsgərlərlə, məclis üzvləri ilə və üləmadan bir çox alimlə görüşlər keçirir, Yıldız sarayında iftar gecələri təşkil edirdi. Hərbi hospitalda Balkan cəbhəsindən gələn yaralıları şəxsən ziyarət edərək hədiyyələr paylayır, sədrəzəm və nazirlərlə birlikdə məscidləri gəzərək əhaliylə birlikdə namaz qılırdı.
Yeni sultanın bu kimi hərəkətləri əhali və ordu mənsubları arasında məmnunluq hissi yaratdı. Hamıda və xüsusilə də, orduda yüksək əhvali-ruhiyyə müşahidə olundu. Serblərlə gedən döyüşlərdə Osmanlı ordusu önəmli qələbələr qazandı. Ancaq Rusiyanın göndərdiyi ultimatom səbəbilə serblərlə 3 aylıq atəşkəs imzalandı. İngiltərə isə "Şərq məsələsi"nin İstanbulda toplanacaq bir konfransda müzakirə olunmasını istədi.
Birinci məşrutiyyət dövrü Bu əsnada sultanla hökumət arasında mabeyn katiblərinin təyini məsələsində ilk anlaşmazlıq çıxmışdı. Sultan Əbdülhəmid sədrəzəm Mehmed Rüşdü Paşanın istefasını qəbul etmədi. Serblərlə sülh imzalanmasını istəməyən bir qrup iğtişaşçı isə Mithat Paşa və dostlarını öldürüb, Sultan Əbdülhəmidi taxtdan endirməyə cəhd etdilər. 400 nəfər gözaltına alındı. Konstitusiya hazırlığı üçün müsəlman və qeyri-müsəlmanlardan bir komitə quruldu. Bu əsnada Mithat Paşa ilə anlaşmazlığa düşən sədrəzəm Mehmed Rüşdü Paşa istefa verdi. 19 dekabr 1876-cı ildə Mithat Paşa sədarətə gətirildi. 4 gün sonra isə İngiltərənin təklifini qəbul edən dövlətlər İstanbuldakı konfransda toplandı. Həmin gün 101 top atəşi ilə Osmanlı imperiyasının ilk konstitusiyası qəbul edildi (23 dekabr 1876).
Tələm-tələsik hazırlanaraq İstanbul konfransının toplandığı gün elan edilən konstitusiya ilə, qərb dövlətlərinin ekstremal istəklərinin qarşısı alınmaq istənildi. Ancaq qərb dövlətləri buna əhəmiyyət vermədi. Daha öncə Rusiya səfirliyində müzakirə edilərək hazırlanan təkliflər qəbul edilməsi üçün Bab-ı Əliyə təqdim edildi. Osmanlı imperiyasının suverenliyini təhlükəyə atan bu təkliflər 18 yanvar 1877-ci ildə toplanan 180 nəfərlik Məclis-i Ümumidə müzakirə edilərək səsvermə yolu ilə rədd edildi. Gələn əcnəbi elçilər öz yerlərinə vəkil qoyaraq İstanbuldan ayrıldılar. Mithat Paşa İngiltərəyə, konstitusiyanın tam tətbiq edilməsi şəraitində qərb dövlətləriylə razılığa gələcəyini bildirdi. İngiltərə hökuməti isə Londonda yeni bir konfransın toplanması üçün danışıqlara başladı. Mithat Paşa istər bu hərəkətləri, istərsə də Osmanlı sülaləsini devirərək öz ailəsini taxta çıxarmaq istəməsi haqqında yayılan şayiələr səbəbilə vəzifədən alınaraq 5 fevral 1877-ci ildə ölkədən sürgün edildi. left|thumb|266x266px|Məclis-i Məbusanın açılış mərasimi, 1877
Sultan Əbdülhəmid konstitusiyanın yaradıcısı olan Mithat Paşanı ölkədən qovsa da, konstitusiyalı idarəçilik formasından imtina etmədi. Konstitusiyaya əsasən seçimlər növbəti 3 ay içində keçirildi və 19 mart 1877-ci ildə məclis şəxsən sultan tərəfindən açıldı. 141 üzvdən ibarət olan Osmanlı tarixinin ilk parlamentində 115 nəfər millət vəkili, qalan 26 nəfər isə əyanlar məclisindən seçilmişdi. Millət vəkillərinin 69-u müsəlman, 46-sı isə qeyri-müsəlman idi.
İngiltərənin təşəbbüsü ilə toplanan London konfransı hazırladıqları yeni təklifləri 31 martda imzalayaraq qəbul edilməsi üçün 3 apreldə Bab-ı Əliyə təqdim etdi. Ağır şərtlərdən ibarət bu protokol sultanın istəyilə məclisdə müzakirə edilidi və yenə qəbul edilmədi. Vəziyyət 12 apreldə hökumət tərəfindən qərb dövlətlərinə bildirildi. Beləliklə, əsas istəyinə çatan Rusiya imperiyası 24 apreldə Osmanlı imperiyasına müharibə elan etdi. Ruminlər, serblər, bolqarlar və albanlar Rusiyanın yanında yer aldılar. Maliyyə və hərbi baxımdan olduqca pis vəziyyətdə olan Osmanlı imperiyası xaricdən də dəstək ala bilmədi. Plevnedə Qazi Osman Paşanın, şərq cəbhəsində isə Əhməd Muxtar Paşanın fövqəladə zəfərləri belə, müharibənin gedişatını düzəldə bilmədi. Osmanlı orduları cəbhədən çəkilməyə başladı. Onların ardından on minlərlə müsəlman türk əhalisi də İstanbula köç etdi. Gələn mühacirlər hazırlanan xüsusi layihə əsasında Anadolunun müxtəlif bölgələrində yerləşdirildi. Ölkənin olduqca çətin olan bu günlərində, yeganə qanunverici orqan hesab edilən məclis isə anarxiya vəziyyətində idi.
Qurulan bu ilk məclis siyasi partiyalar yerinə, milliyyətçi qrupların mübarizə meydanına çevrilmişdi. Konstitusiyanın təmin etdiyi şəxsi azadlıq hüququ, ölkənin qeyri-müsəlman əhalisi tərəfindən milli azadlıq və hətta muxtariyyət hüququ olaraq qəbul edilirdi. Yenə konstitusiyaya görə, rəsmi dil türk dili olsa da, erməni və yunan vəkillər öz dillərinin də rəsmi dil olaraq qəbul edilməsini istəyirdi. Hər millət vəkili mənsub olduğu millətlərin problemləri ilə məşğul olurdu. Konstitusiyaya uyğun olaraq seçilən ikinci məclis isə 1878-ci ilin yanvarında toplandı. Rusların İstanbula doğru irəlilədiyi bu günlərdə müxalif qüvvələrdən ibarət bir qrup vəkil, başda sədrəzəm olmaqla hökumət kabinetinin istehfasını və müharibədə məğlubiyyətə səbəb olan ordu rəhbərlərinin hərb divanında mühakimə edilməsini tələb etdilər.
Sultan Əbdülhəmid isə İbrahim Əthəm Paşanın yerinə Əhməd Həmdi Paşanı sədarətə gətirdi (11 yanvar 1878). Məclis isə hər bir nazirin məclisdə hesabat verməsini və ordu rəhbərlərinin mühakimə edilməsinində təkid edirdi. 22 yanvarda buna dair bir qərar qəbul edildi. Sultan, məclis rəhbəri Əhməd Vəfik Paşanı məclisə göndərərək, tamamilə konstitusiyaya bağlı olduğunu və sədarət orqanını da ləğv edə biləcəyini bildirdi. Sultanın bu sözlərinə baxmayaraq məclisdə şiddətli mübahisələr davam etdi. Sultan Əbdülhəmid rusların İstanbula yaxınlaşdığı bu günlərdə məclisdən bir qərar gözləsə də, bu məsələdə məclis tək bir qərar belə qəbul edə bilmirdi. Sultan, məclisin istədiyi adamları hökumətdən uzaqlaşdırmağa çalışan Əhməd Həmdi Paşanı vəzifədən aldı və yerinə Əhməd Vəfik Paşa baş vəkil olaraq təyin edildi (4 fevral 1878). Baş vəkilin vəzifələri məclisin qəbul etdiyi qanunları sultana bildirmək və nazirlər kabinetinin fəaliyyətini tənzimləməklə məhdudlaşmışdı. Bu əsnada ruslarla Ədirnədə müvəqqəti atəşkəs imzalandı (19 fevral 1878).
Sultan Əbdülhəmid ruslarla sülh danışıqlarına hazırlıq üçün sarayda fövqəladə məclis topladı. Məclisə parlamentdən də 5 nəfər qatılmışdı. Baş vəkil Əhməd Vəfik Paşa rusların təklif etdiyi sülh şərtlərini bildirdi və məclisdə iştirak edənlərin fikirlərini aldı. Hamının sülhpərəst münasibət bildirməsinin ardından vəkillərdən Əhməd Əfəndi birdən ayağa qalxdı və sultanı görülməmiş bir şəkildə təqsirləndirərək məclisin olmadığını bildirdi. Sultan Əbdülhəmid isə vəkilə şəxsən cavab verərək, bu müharibənin səbəbkarı olmadığını, sadəcə vəzifəsinə uyğun olaraq məclisin qərarlarını təsdiq etdiyini və bunun üçün millətindən mükafat gözlədiyini bildirdi və sözü xəzinə naziri Mehmed Səid Paşaya verdi. Səid Paşa müharibənin necə başladığını və sarayın müharibənin gedişatına qarışmadığını bildirdi. Ancaq Əhməd Əfəndinin sultanı təqsirləndirən fikirlərində təkid etməsinin ardından Sultan Əbdülhəmid yenidən sözü aldı. Bütün bunların qəsdən söyləndiyini iddia edərək, özünün sadəcə vəzifəsini yerinə yetirdiyini təkrarladı. Məclis vəkilinin sultana qarşı bu qədər sərt şəkildə çıxışını həzm edə bilməyən Sultan Əbdülhəmid "Mən bundan sonra Sultan Mahmudun yolundan getməyə məcburam" dedi və konstitusiyanın ona verdiyi hüquqa əsasən, 13 fevral 1878 tarixində Məclis-i Məbusanı müddətsiz olaraq tətilə yolladı. Buna baxmayaraq mütləqiyyətə qayıtmadı və qəbul etdiyi bütün qanunlarda məşrutiyyət və konstitusiyadan tez-tez bəhs etdi. 10 ay 25 gün davam edən bu ilk məclis dövründən sonra konstitusiyalı idarəçilik sistemi sadəcə sözdə qaldı və dövlət idarəsi getdikcə Sultan Əbdülhəmidin əlində cəmlənməyə başladı. 3 mart 1878-ci ildə ruslarla San-Stefano sülhü imzalandı.
Mütləqiyyət illəri İngiltərə, Paris sülhünün şərtlərinə zidd olması səbəbilə San-Stefano müqaviləsinin beynəlxalq bir konfransda yenidən müzakirə edilməsini tələb etdi. Avstriya və Almaniyanın da dəstəyi ilə Berlin konfransı hazırlıqları davam edərkən İngiltərə Rusiya ilə gizlicə razılığa gəldi. Gizli danışıqların sonunda, Kiprin idarəsini müvəqqəti olaraq İngiltərəyə təhvil verən sülh müqaviləsi 4 iyunda imzalandı. Sultan Əbdülhəmid isə hökumətin tələm-tələsik imzaladığı bu sülhü təsdiqləməmək üçün çox mübarizə apardı. İngilislərin hərbi hədə-qorxusundan sonra sultan, Kiprin idarəçilik sisteminin dəyişdirilməməsi haqqında İngiltərədən yazılı sənəd alaraq sülhü təsdiqlədi. Osmanlı diplomatiyası Berlin konfransında vəd edilən hərbi dəstək uğruna Kipr adasını əldən çıxarmışdı. Sultan Əbdülhəmid isə bu konfransın Osmanlı torpaqlarını masa arxasında bölüşdürmək üçün çağırıldığına inanırdı. Ancaq konfrans gözlənildiyi kimi keçmədi. İngiltərə vəd etdiyi hərbi dəstəyi vermədi. 13 iyulda imzalanan Berlin müqaviləsi ilə böyük miqyasda torpaq itirilmiş, Rusiyaya qarşı isə olduqca yüklü miqdarda döyüş təzminatı ödəmək qəbul edilmişdi. Bundan başqa Kiprin İngiltərəyə tərk edilməsi, digər dövlətləri də bu məsələdə şirnikləndirdi. İngiltərənin təşviqi ilə Bosniya-Herseqovinanın idarəsi Avstriyaya verildi. 1881-ci ildə Fransa Tunisə, ertəsi il isə İngiltərə Misirə əl qoydu. Bolqarlar isə 1885-ci ildə şərqi Rumeli torpaqlarını işğal etdilər.