Bakı məscidi və ya Kriuşi məscidi — 1907-1909-cu illərdə Həştərxanda tikilmiş məscid. Sovet hakimiyyəti dövründə məscidin minarəsi dağıdılıb və müxtəlif illərdə onun binası anbar və mədəniyyət evi kimi istifadə edilib. 2002-ci ildə Həştərxandakı Azərbaycan diasporunun səyi ilə məscid yenidən restavrasiya edilib və Azərbaycan icmasının istifadəsinə verilərək Bakı məscidi adlandırılıb. Məscid Həştərxanda Bakinskaya küçəsində yerləşir. Haqqında Arxiv məlumatlarına əsasən 1903-cü ildə 238 nəfər Həştərxan sakini toplaşaraq Kriuşi bölgəsində 1897-ci ildən fəaliyyət göstərən və yerli sakin Nijemetdinovun ərazisində yerləşən dua evinin yerində məscid tikmək qərarına gəlirlər. 1907-ci ildə Həştərxan quberniya idarəsi 2-ci Bakaldinskiy küçəsində Nijemetdinovun vəsiyyət etdiyi ərazidə daş məscidin tikintisinə icazə verir. May ayında məscidin mollası da təyin edilir. 1907-ci ilin iyun ayında başlanan tikinti 1909-cu ildə yekunlaşır. Məktəbin nəzdnində qadın və kişi məktəbləri fəaliyyət göstərib. 1938-ci ildə sovet hakimiyyəti dövründə məscid bağlanır və binadan anbar kimi istifadə edilir. 1940-cı ildə məscidin minarəsi dağıdılır. 1950-ci ildə binadan idman zalı kimi istifadə etməyi düşünürlər. Buna görə də binanın daxilində olan ikinci yarus sökülür. 1987-ci ildə binada baş vermiş yanğında onun döşəməsi və daxili interyeri zədələnir.

2002-ci ildə Həştərxan vilayətinin Azərbaycanlı icmasının səyi ilə məscid təmir edilib. Təmirdən sonra məscid "Bakı" adlandırılıb və Azərbaycan icmasının istifadəsinə verilib. Məsciddə azərbaycanlılardan başqa digər müsəlmanlar da ibadət edirlər.

Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı Muxtarov məscidi

İstinadlar

Kateqoriya:Rusiya məscidləri