Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir.

Rus-Azərbaycan məktəbləri 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır.

Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır. Rus-Azərbaycan məktəbinin açılışı ilə "Əkinçi"dən sonra Bakıda azərbaycanlıların ikinci ictimai qurumu yaradılmışdır. Məktəblərin sayı artdıqca Qori, İrəvan seminariyalarında, ali pedaqoji institutlarda və gimnaziyalarda təhsil alan gənclərin Bakıya toplaşması üçün geniş imkanlar yaranmış, 19 əsrin 90-cı illərində azərbaycanlılara məxsus "Müsəlman ziyalılarının özəyi" adlı ilk ictimai təşkilat təsis olunmuş, əyalət şəhərlərində, kənd və qəsəbələrdə milli-mədəni həyat dirçəlmişdi. Rus-Azərbaycan məktəbi müəllimlərinin təşəbbüsü ilə Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, Qubada, Tiflisdə, İrəvanda və s. şəhərlərdə ilk teatr truppaları təşkil olunmuş, səhnə vasitəsilə maarifçilik ideyaları təbliğ olunmuşdur. 19 əsrin sonu, 20 əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və mədəni həyatında fəaliyyət göstərənlər, əsasən, rus-Azərbaycan məktəbi müəllimlərindən və məzunlarından ibarət olmuşdur.

Rus-müsəlman məktəbləri pedaqoji heyətinin Sultan Məcid Qənizadə, Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Abdulla Şaiq, Abdulla bəy Divanbəyoğlu, Əlisgəndər Cəfərzadə, Qafur Rəşad (Mirzəzadə), Fərhad Ağazadə (şərqli) və başqalarının istedadı sayəsində milli realist və romantik ədəbiyyat rövnəq tapmış, ilk dərsliklər yaradılmış, ilk uşaq jurnalları nəşr edilmiş və yüksək bədii təsir gücünə malik sağlam mündəricəli uşaq ədəbiyyatı təşəkkül tapmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında və fəaliyyətində rus-Azərbaycan məktəbinin xidmətləri xüsusilə əlamətdardır. Həmin məktəblərin məzunları 20 əsrin əvvəllərində siyasi mübarizədə, siyasi partiyaların təşkilində iştirak etmişlər. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Milli şurasının sədri, Məmməd Yusif Cəfərov onun fəal liderlərindən biri olmuşdur. Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Seyid Hüseyn, Cəfər Cabbarlı və b. milli dövlet quruculuğunda fəal iştirak etmişlər. Rus-Azərbaycan məktəbinin müəllimlərindən Sultan-məcid Qənizadə və Mustafa Mahmudov Azərbaycanın parla-mentinin üzvü olmuşlar.

Məktəblər

Ağdam Məktəbin direktoru Əhməd bəy Abbasov olmuşdur. Zəkəriyyə bəy Aslanov məktəbin müəllimi olmuşdur. Məzunları sırasında Qaflan Muradov, Bəhram bəy Kazımbəyov, Kərim bəy Yusifbəyov, Mahmud bəy Yusifbəyov, İbrahim bəy Yusifbəyov, Murtuza bəy Yusifbəyov* Orxan Zakiroğlu (Baharlı). Murtuza bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015 kimi şəxslər olmuşdur.

Ağdaş Azərbaycanda açılan ilk dünyəvi təhsil ocaqlarından biri də 25 oktyabr 1882-ci ildə Ağdaşda görkəmli maarifçi Süleyman Qayıbov tərəfindən əsası qoyulan "Rus-tatar" məktəbi olmuşdur. Süleyman Qayıbov müdürü olmuşdur.

Bakı

Birinci Birsinifli üçüncü dərəcəli xüsusi rus-tatar məktəbi. 1887-ci il oktyabrın 20 də H.Mahmudbəyov S.M.Qənizadə ilə birlikdə Bakıda "rus-müsəlman" məktəbinin əsasını qoydular. 1891-ci il sentyabrın 23-də açıldı.35 şagird qəbul edildi.

1914-cü ildə Həbib bəy Mahmudbəyovun məktəbinin fəaliyyətinin 25 illik yubileyi qeyd olunmuş, bu münasibətlə o, çar hökuməti tərəfindən təşəkkürnamə ilə də təltif edilmişdir. Haşım bəy Vəzirov bu münasibətlə "Bakıdakı rusi-müsəlmani məktəblərin iyirmi beş illik yubileyi münasibətilə" adlı kitabçasını nəşr etdirmişdir. Burada əvvəl 42 nəfər şagird vardı.

Məktəbdə ana dili, fars dili ilə yanaşı rus dili də təlim olunurdu. Buna görə də məktəb "Rus-tatar məktəbi" adlanırdı. Fars dili ona görə keçilirdi ki, ticarətlə əlaqədar bütün müəssisələrdə yazı-pozu fars dilində aparılırdı. Azərbaycanda və bütün Zaqafqaziyada şöhrət qazanan "rus-Azərbaycan" məktəbi keçmiş Spasski küçəsi ilə Kolyubakin küçələrinin tinində Hacı ağa Dadaşovun ayı 35 manata kirayə edilmiş xüsusi evində yerləşirdi. İlk illərdə məktəb təhsil haqqından toplanan vəsaitlə (ildə hər şagirddən 3 man.) idarə olunurdu. "Rus-Azərbaycan" məktəbinin rəsmən birsinifli (tədris müddəti 2 il) tədris ocağı kimi fəaliyyətə başlamasına baxmayaraq, sonralar 2 sinifli (tədris müddəti 4 il) oldu və təlimin məzmunu nisbətən genişləndirildi.

Müdürləri müxtəlif illərdə Həbib bəy Mahmudbəyov və Mustafa Mahmudov olmuşdur. Müəllimləri Sultan Məcid Qənizadə, İbrahim bəy Musabəyov (1911), Abdulla Şaiq (1906), Mustafa Mahmudov, Abbas bəy Minasazov, Mehdi bəy Hacıbababəyov (1901), Məhəmməd Tağı Atakişiyev olmuşdur. Məzunları sırasında Tağı Şahbazi Simurğ (1912), Əbülqasım Hüseynzadə, Seyid Hüseyn, Mirpaşa Sadıqov kimi şəxslər olmuşdur.

İkinci 1887-ci il oktyabrın 20-də H.Mahmudbəyov S.M.Qənizadə ilə birlikdə Bakıda "rus-müsəlman" məktəbinin əsasını qoydular.. Sultan Məcid Qənizadə müdürü olmuşdur. Məhəmməd Əmin Rəsulzadə və Mirzəağa Əliyev məzunlarından olmuşdur.

Üçüncü Xalqın təkidi ilə hökumət tərəfindən üçüncü və dördüncü "rus-tatar" məktəbləri açılır. Mahmud bəy Mahmudbəyov müdürü olmuşdur. Müəllimləri sırasında Həbib bəy Mahmudbəyov və Mustafa Mahmudov da olmuşdur. Məktəbin məzunları sırasında Hüseyn Ərəblinski də olmuşdur.

Dördüncü Süleyman Sani Axundov və Zəkəriyyə bəy Aslanov (1912–1915) kimi müəllimləri olmuşdur.

Beşinci 2 oktyabr 1898-ci ildən "5 nömrəli Rus-tatar məktəbi" kimi fəaliyyətə başlamışdır. Məktəb neft milyonçusu Murtuza Muxtarov tərəfindən iqtisadi məqsədlə tikilmiş binada yerləşmişdir. 1905–1907-ci illərdə Üzeyir Hacıbəyov Qori seminariyasını bitirdikdən sonra burada müəllim işləmiş, rus dili, riyaziyyat, musiqi və təbiət fənlərindən dərs demişdir. Hazırda 51 nömrəli tam orta məktəb olaraq fəaliyyət göstərir... Həbib bəy Mahmudbəyov müdürü olmuşdur. Məzunları sırasında Şirəli Məmmədov da olmuşdur.

Yeddinci thumb|1908-ci il 7 nömrəli Rus-tatar məktəbi. Soldan: Ağa Əli bəy Həsənov, Süleyman Sani Axundov (direktor), Abdulla Şaiq, Əliməmməd bəy MustafayevSüleyman Sani Axundov məktəbin müdürü olmuşdur. Müəllimləri sırasında Ağa Əli bəy Həsənov, Abdulla Şaiq , Əliməmməd bəy Mustafayev (1906–1920), Rəhim bəy Şıxlinski kimi şəxslər olmuşdur. Məzunları sırasında isə Süleyman Rüstəm, Hacıməmməd Qafqazlı, Cəfər Cabbarlı (1908) və Mirzə Bala Məmmədzadə kimi şəxslər kimi olmuşdur.

Səkkizinci Əbdüləli bəy Vəlibəyov məktəbin müdiri olmuşdur.

Doqquzuncu Rəhim bəy Vəkilov (1916–1917) və Mirzə Muxtar Məhəmmədov bu məktəbdə müəllim olaraq fəaliyyət göstərmişdir.

Bərdə XIX əsrin sonlarında Bərdə ərazisində üç rus məktəbi açılıb. Məktəblərdən biri Ləmbəran rus-tatar məktəbi, ikincisi Alpoud kəndində, üçüncüsü isə indiki Bərdə şəhərində fəaliyyət göstərib.

Bərdə Məktəb 25 oktyabr 1883-cü il dən fəaliyyət göstərməyə başlamışdır. Sərəncam Tiflis şəhərində verilib. İlk müəllimləri Qori Müəllimlər Seminariyasının məzunları olub. O vaxt qızları məktəbə götürmədiklərinə görə, bu məktəbin ilk şagirdləri 7 oğlan olub.

Direktorlardan Pakizə Muxtarova bildirir ki, bu məktəbin açılmasında Nəcəf Bəy Vəzirovun böyük xidmətləri olub. Bütün metodik materiallar həmin dövrlərdə Bakıda ikinci rus qız gimnaziyasının müdiri olan Nəcəf bəyin qızı Sara xanım tərəfindən göndərilib. Məktəb əvvəlcə Rus-Tatar məktəbi, ötən əsrin yetmişinci illərində beynəlmiləl məktəb, sonralar yenidən rus məktəbi adlandırılıb.İndiki Nizami Gəncəvi adına 2 saylı tam orta məktəb.

Ləmbəran Məktəb 1883-cü il dən fəaliyyət göstərməyə başlamışdır. Rəsul bəy Tahirov müdüri olmuşdur.

Dərbənd 1902-ci ildə əsası qoyulmuş rus-tatar məktəbi Dərbənd qazısı Hacı Molla Məmməd Sadıq Pişnamazın şəhər məclisinə göndərildiyi xahişnaməyə əsasən açılmışdı. O, xahişnaməsində göstərirdi ki, Dərbənddə başqa şəhərlərdə olan yaxşı təhciz edilmiş, müsəlman gənclərin əqli-mənəvi inkişafına imkan verən məktəblər yoxdur. Ona görə də Dərbənd şəhərinin müsəlman ictimaiyyəti şəhərdə rus-müsəlman məktəbinin açılmasını xahiş edir. Şəhər idarəsi müsəlmanların xahişini nəzərə alıb, Bakı quberniyasının və Dağıstan vilayətinin xalq məktəbləri direktorluqlarının razılığını aldı və 1902-ci ildə sentyabrın 1-də rus-tatar məktəbi fəaliyyətə başladı.

Xalq məktəbləri direktoru məktəbin açılmasına razılıq verərkən şəhər başçısına bildirmişdi ki, məktəbin şagirdləri Çar hökumətinin bayramlarını və müsəlmanlar üçün əlamətdar olan aşağıdakı günləri qeyd etməlidirlər.

Bunlar Novruz bayramı (19–21 mart), Məhərrəmlik ayı (3 gün), Səfər ayı (2 gün), Ramazan bayramı (1 gün), 1–3 Şəvval, 10, 11 və 18 Zilhiccə. 1902-ci ildə qoyulmuş rus-Azərbaycan məktəbi fəaliyyət göstərirdi ki, burada 72 oğlan təhsil alırdı. 10 müsəlman məktəbi var ki, bunlarda cəmi 284 şagird təhsil alırdı. Şagirdlərin 253-ü oğlan, 31-i qız idi. 1904-cü ildə realnı məktəbin şagirdləri üçün şəhərin meri Qasım bəy Heydərovun adına 150 manat məbləğində təqaüd təyin edilmişdi. Bu təqaüdü ilk dəfə 1904-cü ildə 3-cü sinif şagirdi Mehdi bəy Məmmədbəyov almışdı. 1905-ci ildə şəhər ictimaiyyəti idarəsi tərəfindən I Pyotr adına 3 mükafat müəyyən edildi. Realnı məktəbin şagird Cavad bəy Zeynalov və Qız gimnaziyasının şagirdi A.Aslanova bu mükafatı ilk dəfə alanlardan idi.

Əlvənd Novruzəli bəyin açdığı dördsinifli rus-tatar məktəbidir. Şirin bəy Nuriyev məzunlarından olmuşdur.

Gəncə 1899-cı ilin oktyabrında Gəncə ziyalılarının təşəbbüsü ilə iki sinifdən ibarət rus-tatar məktəbi açılmışdı..Müəllimləri sırasında Mirzə Abbas Abbaszadə, Hacı Kərim Sanılı (1902–1904), məzunları sırasında isə Cahangir Nağıyev, Əli Nəzmi, Əli Razi Şəmçizadə, Əbülfət bəy Məşədi Süleyman oğlu kimi şəxslər olmuşdur.

Gülablı 1885-ci ildən fəaliyyət göstərmişdir.

Firudin Şuşinski yazır ki, bu məktəb Əbdürrəhim bəy Haqverdiyev tərəfindən inşa olunumuşdur və həmin məktəbdə rus dili dərsini də özü demişdi. Bu məktəbə əksər bölgələrdən təhsil almağa gələrmişlər. 1920-ci ildə məktəb Ağdam şəhərinə köçürülmüşdür. Sonralar isə məktəb Ağdam 2 saylı beynəlmiləl şəhər məktəbi kimi fəaliyyət göstərmişdir. Son illər məktəbin direktoru Sadıqov Əlövsət olmuşdur.. Əbdülkərim bəy Vəlibəyov isə 1896–1904-cü illərdə məktəbin müdürü olmuşdur. Müəllimləri sırasında isə Əbdürrəhimbəy Haqverdiyev və Zəkəriyyə bəy Aslanov kimi şəxslər də olmuşdur.

İrəvan