Müqəddəs Məryəm kilsəsi — Xocavənd rayonunun Tuğ kəndində yerləşən tarix-memarlıq abidəsi. Kilsə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.
Tarixi Tuğ kəndinin şimal-qərb hissəsindəki qəbirsanlıq ərazisində yerləşir. Qəbirsanlığın yerləşdiyi ərazi yerli əhali tərəfindən Qızlar düzü adlandırılır. Hündür qoz ağacları ilə əhatə olunmuş sahənin mərkəzində yerləşən kilsə, təbiətlə harmoniya təşkil edir.
Memarlıq xüsusiyyətləri Kilsə, tərəfləri 2x3 metr ölçüyə malik sadə düzbucaqlı zal-kilsə formasına malikdir. Kilsə, demək olar ki, yarıya qədər yerin altındadır və buna görə də, cənub divarındakı qapı vasitəsilə içəri girmək mümkün deyil. İbadət zalı, apsida və köməkçi otaqlar da qismən yerin altında qalmışdır.
Kilsənin divarlar kobud çapılmış daşlardan hörülmüşdür. Tağtavan daşıyıcı divarların qarşısındakı pilonlar və onları birləşdirən qabırğavari tağlar vasitəsilə saxlanılır.
Kilsənin yaxınlığında çoxlu sayda rahib hücrələri və mülki tikililərin qalıqları, həmçinin məzar daşları vardır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Xocavənd rayonunun abidələri Kateqoriya:XVIII əsrə aid kilsələr Kateqoriya:Azərbaycandakı erməni kilsələri