Qumlaq — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd, Qumlaq kənd inzibati ərazi dairəsinin mərkəzi.

Toponimikası Bu yaşayış məntəqasi XIX əsrdə Qumlaq adlı qoyun yatağı yerində salındığına görə belə adlanmışdı. Kəndin ərazisi doğrudan da qumlu sahədən ibarətdir.

Coğrafiyası Qumlaq kəndi rayon mərkəzi — Cəbrayıl şəhərindən 48 km cənub-qərbdə, Araz çayının sol sahilində, düzənlikdə yerləşir. Sovet vaxtında kəndin yanında Bakı-İrəvan dəmir yolu keçirdi.

Kəndin Sovet vaxtındakı ərazisinin mühüm hissəsi hal hazırda Xudafərin su anbarının altındadır. Kəndin Sovet vaxtındakı ərazisinin hündürlüyü təqribən 281 m təşkil edir.

Tarixi Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonunun əraziləri 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi.

İkinci Qarabağ müharibəsi dövründə 2020-ci ildə Cəbrayıl rayonu işğaldan azad olunmuşdu. Rayonun Cocuq Mərcanlı kəndi hələ 1994-cü ildə işğaldan azad olunmuş, 2016-cı ildə isə Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi. İkinci Qarabağ müharibəsi dövründə 19 oktyabr 2020-ci ildə elan olundu ki, Qumlaq kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi.

30 oktyabr 2020-ci il tarixində "Qumlaq" sərhəd zastavası üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd zastavası xidməti-döyüş fəaliyyətinə başlayıb.

Əhalisi Kəndin əhalisi 1977-ci ildə 483 nəfər təşkil edirdi.

İqtisadiyyatı Sovet vaxtında kəndin əhalisi taxılçılıq, heyvandarlıq, baramaçılıq, pambıqçılıqla məşğul idi. Kənddə orta və səkizillik məktəb, klub, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi var idi.

İstinadlar

Kateqoriya:Cəbrayıl rayonunun kəndləri