Sevil Mikayılova (Sevil Əlirazı qızı Mikayılova ) — "Trend" informasiya agentliyi baş direktorunun müavini, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü. Azərbaycan Respublikasının Milli Məclisinə 56 saylı Xaçmaz kənd seçki dairəsindən seçilmiş VI çağırış millət vəkili, Əməkdar jurnalist.
Həyatı Sevil Mikayılova 1974-cü il iyunun 27-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Dillər Universitetinin İngilis dili fakültəsini bitirmişdir. Əməkdar jurnalistdir. Rus və ingilis dillərini bilir.
Fəaliyyəti 1992–1996-cı illərdə Sumqayıt şəhər Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində, 1996–1999-cu illərdə Bakı Elmi-Tədris Mərkəzinin İnformatika və İdarəetmə İnstitutunda ingilis dili müəllimi olmuş, 1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində redaktor, 1999–2001-ci illərdə "Midiya Press" İnformasiya Agentliyində, 2001–2004-cü illərdə "525-ci qəzet"də tərcüməçi işləmişdir. 2004–2012-ci illərdə "Trend" informasiya agentliyində tərcüməçi, Tərcümə departamentinin direktoru, 2012–2017-ci illərdə "AzerNews" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 2017-ci ildən "Trend" informasiya agentliyi baş direktorunun müavinidir.
2020-ci il fevralın 9-da Milli Məclisə VI çağırış seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilib. Bitərəfdir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.
Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, Fransa, İsveçrə, İtaliya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Xocalı soyqırımına həsr olunmuş "Sözün bitdiyi yer" adlı filmin ingilis dilində redaktoru olub, səsləndirilməsindən iştirak edib. ABŞ Dövlət Departamentinin təşkil etdiyi Beyin Mərkəzlərinin İdarə Olunması üzrə Beynəlxalq Liderlik Proqramında iştirakı ilə bağlı sertifikatla təltif olunub. Kanadanın Ottava "Bir Gənc Dünya" beynəlxalq konfransında Azərbaycan mediasını təmsil edib, həmçinin NATO seminarlarında Azərbaycan nümayəndə heyəti daxilində iştirak edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları