Əlvida, silah! — amerikalı yazıçı Ernest Heminqueyin Birinci Dünya müharibəsi dövründəki İtaliya kampaniyası fonunda cərəyan edən romanıdır. 1929-cu ildə ilk dəfə nəşr olunan bu əsər İtaliya ordusunun təcili yardım korpusunda leytenant (italyanca: tenente) kimi xidmət edən amerikalı Frederik Henri tərəfindən birinci şəxsin dilindən nəql edilir. Roman amerikalı mühacir ilə ingilis tibb bacısı Ketrin Barkli arasındakı sevgi macərasından bəhs edir. Onun nəşri Heminqueyin əhəmiyyətli səviyyəyə malik müasir Amerika yazıçısı kimi mövqeyini təmin etdi. Kitab onun ilk bestselleri oldu və Birinci Dünya müharibəsindən çıxan premier Amerika müharibə romanı" adlandırıldı. Romanın adı ingilis dramaturqu Corc Pilin eyniadlı 16-cı əsr şeirindən götürülmüş ola bilər. Roman bir neçə dəfə adaptasiya edilmişdir: əvvəlcə 1930-cu ildə səhnə üçün; 1932-ci ildə və yenidən 1957-ci ildə film kimi; 1966-cı ildə isə üç hissəli televiziya mini-serialı kimi. 1996 istehsalı olan "Sevgidə və müharibədə" (In Love and War) filmi Heminqueyin "Silahlara veda"nı yazmazdan əvvəl İtaliyada təcili yardım sürücüsü kimi keçən həyatını təsvir edir. 2025-ci ildən etibarən "Silahlara veda" ictimai mülkiyyətə (müəllif hüquqlarının qüvvədə olma müddəti bitmiş əsərlər kateqoriyasına) keçmişdir. Roman avtobioqrafik sayılır. Yazıçı Birinci Dünya müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib. Milanda yaralanıb hospitala düşən Heminquey tibb bacısına aşiq olub. "Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baxımından Heminqueyin ən yaxşı əsəri sayılır. Romanın adlarına gəlincə, yazıçı onu əvvəlcə "Savaşda eşq", "Gözoxşayan", "Vaxt da yetər, sülh də", "Silahlara əlvida" adlandırmaq istəyib. Ən sonda, "Əlvida, silah!" (1929) adının üstündə dayanıb. Əsər Üçüncü Reyxdə qadağan olunub. Yazıçı 1958-ci ildə The Paris Review jurnalına müsahibəsində etiraf edib ki, romanın son sözünü 39 variantda yazıb. Heminqueyin Con F. Kennedi kitabxanasında saxlanılan əlyazmalarını incələyən nəvəsi Ernest Miller Heminquey isə bu sonluqların 39 deyil, 47 olduğunu aşkarlayıb. Əsər 47 alternativ sonluqla 2012-ci ildə ABŞ-nin Simon & Schuster nəşriyyatının Scribner mətbəəsində nəşr olunub. Obrazlar Leytenant Frederik Henri: İtaliya ordusunda xidmət edən, təcili tibbi yardım avtomobillərinin sürücülərinə rəhbərlik edən amerikalı zabit. Miss Ketrin Barkli: Tibb bacısı və Henrinin sevdiyi qadın. Leytenant Rinaldi: Cəbhə xəttinin yaxınlığında xidmət edən, özünəməxsus xarakteri ilə seçilən ordu cərrahı. Henriyə qardaş münasibəti bəsləyir. Keşiş: Ordu kapellanı. Henri ilə tez-tez Tanrı və müharibə haqqında söhbətlər edir. Helen Ferqyuson: Ketrinin rəfiqəsi və həmkarı olan tibb bacısı. Miss Van Kampen: Milandakı Amerika xəstəxanasının tələbkar və inzibati qaydalara ciddi riayət edən baş tibb bacısı. O, Henri ilə ilk görüşdən bir-birini xoşlamır. Miss Geyc: Milandakı Amerika xəstəxanasında çalışan, qeyri-ənənəvi davranışları ilə seçilən və Henri ilə dostlaşan tibb bacısı. Mayor Valentini: Çevik, şən və bacarıqlı cərrah. Milanda Henrinin yaralanmış dizini əməliyyat edir. Cino: Çox xoşxasiyyətli italyan əsgəri. Bununla belə, onun ucadan ifadə etdiyi vətənpərvərlik hissi Henriyə narahatlıq verir. Bonello: Henrinin komandanlığı altında xidmət edən təcili tibbi yardım avtomobilinin sürücüsü. Düşmənə əsir düşərək təhlükəsizliyini təmin etmək məqsədilə ordudan qaçır. Piani: Şəxsi sədaqətinə görə Henri ilə birlikdə qalan təcili tibbi yardım avtomobilinin sürücüsü. Passini: Henri yaralandığı minaatan hücumu zamanı həlak olan təcili tibbi yardım avtomobilinin sürücüsü. Ay mo: Geri çəkilmə zamanı əsas hərbi dəstədən aralı düşmüş əsgərlərin hücumu nəticəsində həlak olan təcili tibbi yardım avtomobilinin sürücüsü. Emilio: İsveçrəyə qaçmalarına kömək edən, Stresa şəhərindəki barın sahibi. Qraf Qreffi: Henri ilə əvvəllər müəyyən tanışlığı olmuş, doxsan dörd yaşlı zadəgan. Ralf Simmons və Edqar Sonders: İtaliyada italyan səhnə adları ilə təhsil alan və çıxış edən iki gənc opera müğənnisi. Məzmun Roman beş hissəyə, yaxud "kitab"a bölünür. Hadisələr Frederik Henrinin dilindən, birinci şəxsin təki formasında nəql olunur. Əsərdə müharibə bütün gerçəklikləri və dəhşətləri ilə təsvir olunur. Döyüşün törətdiyi qorxu ucbatından əsgərlər özlərinə qəsdən xələl yetirirlər. Belə ki, onlar ön cəbhədə olmamaq üçün özlərini qəsdən yaralayır, arxa cəbhəyə can atır, xəstəxanalarda daha çox qalmaq istəyirdilər. Birinci kitab Leytenant Frederik Henri İtaliya ordusunda xidmət edən, italyan dilində danışan amerikalı hərbi tibb işçisidir. Roman Birinci Dünya müharibəsi dövründə başlayır. Qışın başlanğıcıdır və vəba epidemiyası minlərlə əsgərin ölümünə səbəb olur. Frederik digər hərbçi yoldaşları və keşişlə görüşmək üçün Qoritsiya şəhərinə gedir. Burada iki fahişəxananın olduğunu öyrənir: biri zabitlər, digəri isə aşağı rütbəli əsgərlər üçün nəzərdə tutulub. Geri qayıdarkən yaşca ona yaxın olan dostu, cərrah Rinaldi ilə təəssüratlarını bölüşür. Rinaldi gözəl qadınlara xüsusi maraq göstərir. O, Ketrin Barkli adlı ingilis tibb bacısına aşiq olsa da, bu hissləri o qədər də ciddi deyil. Rinaldi Frederiki Britaniya xəstəxanasına aparır və Frederik burada Ketrinlə tanış olur, ona qarşı maraq hiss edir. Ketrin döyüşdə həlak olmuş nişanlısı haqqında danışır. Yağış yağmağa başlayanda isə yağışdan narahat olduğunu bildirir. Frederik onu öpməyə çalışır, lakin Ketrin bundan imtina edir və ona şillə vurur. Sonradan buna görə peşman olur, Frederikə qarşı münasibəti yumşalır və onlar öpüşürlər. Frederik və onun sürücü yoldaşları — Passini, Manera, Qordini və Qavutsi — təcili tibbi yardım avtomobili ilə cəbhə xəttinə yollanırlar. Minaatan hücumu zamanı Passini həlak olur. Frederik İtaliya cəbhəsində dizindən ağır yaralanır və xəstəxanaya göndərilir. İkinci kitab Cərrah Rinaldi xəstəxanada Frederiki ziyarət edir və onun qəhrəmanlığını tərifləyir. Lakin Frederik hər hansı qəhrəmanlıq göstərdiyini qəbul etmir. Rinaldi həmçinin ona daha yaxşı müalicə almaq üçün tezliklə Milandakı xəstəxanaya köçürüləcəyini bildirir. Frederik Ketrinin də həmin xəstəxanada tibb bacısı kimi çalışmasını xahiş edir. Keşiş Frederikə baş çəkməyə gəlir. Onların növbəti söhbəti zamanı Frederik müharibəyə qarşı münasibətini ifadə edir. Bu arada Amerika Almaniyaya müharibə elan edir, İtaliya ordusunda da Avstriyaya qarşı müharibə ilə bağlı narahatlıq artır. Frederik Milandakı Amerika xəstəxanasına yerləşdirilir. Burada ona Miss Geyc, xanım Uoker və baş tibb bacısı Miss Van Kampen qulluq edirlər. Miss Geyc onun üçün şərab təşkil edir. Ketrin də xəstəxanaya gəlir və Frederik ona qarşı güclü sevgi və ehtiras hiss etdiyini anlayır. Onlar ilk dəfə cinsi münasibətdə olurlar. Həkim Valentini Frederikin zədəsini müayinə edir və rentgen müayinəsini həyata keçirir. Bu hissədə yay boyunca Frederiklə Ketrin arasındakı münasibətlərin inkişafı təsvir olunur. Onlar birlikdə qayıq gəzintilərinə çıxır və at yarışlarına gedirlər. Frederik bu müddətdə Ketrinin həmkarı olan tibb bacısı Helen Ferqyusonla da tanış olur. Dizi sağaldıqdan sonra Frederikdə sarılıq diaqnozu qoyulur. Ona üç həftəlik sağalma məzuniyyəti verilir. Miss Van Kampen Frederikin otağında boş içki şüşələri tapır və onun xəstəliyinin səbəbini alkoqolizmlə əlaqələndirir. O, həmçinin Frederikin cəbhəyə qayıtmamaq üçün bilərəkdən xəstə qaldığı qənaətinə gəlir. Miss Van Kampen sağalma məzuniyyətinin ləğvi üçün raport təqdim edir və Frederik yenidən cəbhəyə çağırılır. Ketrin Frederikə üç aylıq hamilə olduğunu bildirir. Onlar müharibədən sonra Frederik qayıdanda yenidən bir araya gəlmək və evlənmək barədə söz verirlər. Frederik Ketrindən "balaca Ketrin"ə qayğı göstərməsini xahiş edir. Üçüncü kitab thumb|right|1915–1917-ci illərdə İtalyan Cəbhəsi; roman əsasən Isonzo döyüşlərinin baş verdiyi xəritənin şərq hissəsində qurulur. thumb|right|1917-ci ilin sonlarında Caporetto döyüşündən sonra italyanların geri çəkilməsi thumb|right|Vrşiç keçidini keçən Qoşunlar, oktyabr 1917 Frederik Qoritsiyaya qayıdır. Rinaldi gəlib onun yaralanmış ayağını müayinə edir. O, Frederikdən Ketrinlə evlənib-evlənmədiklərini də soruşur. Keşiş Frederikdə baş verən dəyişikliyi hiss edir və müharibənin tezliklə başa çatacağını proqnozlaşdırır. Frederik Bainsizzaya gedir və burada Gino ilə görüşür. Gino ona avstriyalıların malik olduğu, dəhşətli dağıntılara səbəb olan artilleriya batareyası haqqında danışır. Frederik anlayır ki, avstriyalılar hücuma keçsələr, italyanlar onların qarşısını ala bilməyəcəklər. Güclü yağış yağır və bombardman başlayır. Frederik əsgərlərin döyüş ruhunun xeyli zəiflədiyini müşahidə edir. Çox keçmədən Avstriya-Macarıstan qoşunları Kaporetto döyüşü zamanı İtaliya cəbhəsinin müdafiə xəttini yarır və italyanlar geri çəkilməyə başlayırlar. Evlər boşaldılır, qadınlar və uşaqlar yük maşınlarına mindirilir. Frederik villaya qayıtdıqda Rinaldinin xəstəxanaya getdiyini, digərlərinin isə ərazini tərk etdiyini öyrənir. Geri çəkilmə zamanı yollarda ciddi gecikmələr və qarışıqlıq yaranır. Əsas geri çəkilmə marşrutunda ilişib qalaraq mümkün hava hücumuna məruz qalmaq istəməyən Frederik alternativ yolla getmək qərarına gəlir. Lakin o və tabeliyindəki əsgərlər tezliklə yollarını azırlar, avtomobilləri isə palçığa bataraq hərəkətsiz qalır. Frederik Bonello ilə birlikdə hərəkət edən iki istehkamçı serjanta avtomobilləri palçıqdan çıxarmağa kömək etməyi əmr edir. Düşmənin onları yaxalamasından qorxan serjantlar əmrə tabe olmaqdan imtina edir və qaçmağa çalışırlar. Frederik tapançasını çıxararaq onlardan birini güllələyir, digəri isə qaçıb canını qurtarır. Sürücülərdən biri olan Ay mo sonradan öldürülür, digəri — Bonello isə avstriyalılara təslim olmaq üçün qaçır. Frederik və onun sonuncu yoldaşı Piani Talyamento çayının üzərindən keçərək əsas geri çəkilmə dəstəsinə çatırlar. Körpünü keçən kimi Frederik hərbi polis tərəfindən saxlanılır və İtaliyanın məğlubiyyətinə səbəb olduğu iddia edilən “xəyanət”lə bağlı sorğu-sual edilən və edam olunan zabitlərin yanına aparılır. Frederik çaya atılaraq qaçmağa nail olur. Daha sonra düzənliklərlə irəliləyir və Milana, Ketrini tapmağa getmək üçün hərəkətdə olan qatara minir. Dördüncü kitab Milana çatan Frederik Ketrinin Strezaya getdiyini öyrənir. O, əvvəllər tanış olduğu opera müğənnilərindən biri Ralf Simmonsun yanına gedərək İsveçrəyə getmək üçün tələb olunan prosedurlar haqqında məlumat alır. Ralf ona mülki geyim verir. Frederik bu geyimdə özünü çox qəribə hiss edir, çünki insanlar ona ikrahla baxırlar. Frederik qatarla Strezaya çatır və Grand Hotel des Iles Borromées hotelinə gedir. Barmen Emilio ona iki ingilis tibb bacısının dəmiryol vağzalının yaxınlığındakı kiçik bir hoteldə qaldığını bildirir. Frederik həmin yerdə Ketrin və Helen Ferqyusonla görüşür. O, həmçinin Strezaya əvvəlki səfəri zamanı tanış olduğu, çox yaşlı zadəgan qraf Qreffi ilə qarşılaşır. Qraf burada öz qardaşı qızı ilə birlikdə qalır. Ketrin müharibə zamanı baş verən hadisələr haqqında soruşduqda Frederik cavab verməkdən yayınır. O, özünü cinayətkar, hərbi xidmətdən qaçmış bir fərari kimi hiss edir. Emilio Frederikə İtaliya polisinin onu həbs etmək istədiyini xəbər verir. Ketrin və Frederik İsveçrəyə qaçmaq qərarına gəlirlər. Emilio onların avarlı qayıqla səfər etməsi üçün bütün mümkün hazırlıqları görür. Fırtına səbəbindən gölün suları dalğalı və təlatümlü olur. Frederik bütün gecə avar çəkir, Ketrin də növbə ilə ona kömək edir. Nəhayət, onlar İsveçrəyə çatırlar. Sərhədçilər sənədlərini yoxlayır və ölkədə müvəqqəti qalmaq üçün onlara viza verirlər. Beşinci kitab Frederik və Ketrin dağlarda sakit həyat sürürlər. Onlar Montrö kəndinin kənarında, dağda yerləşən taxta evə köçürlər. Burada cənab və xanım Quttinqenlə tanış olurlar. Bəzən Ketrin, xüsusilə də uşağın sağlamlığı ilə bağlı narahatlıq keçirməyə başlayır. Onlar xəstəxanaya daha yaxın olmaq üçün Lozanna şəhərinə köçürlər. Bir müddət sonra Ketrinin doğuş sancıları başlayır və o, xəstəxanaya aparılır. Həkim Frederikə ən yaxşı çıxış yolunun keysəriyyə əməliyyatı olduğunu bildirir.
Kaynak ve lisans
Kaynak: Wikipedia — Əlvida, silah! · katkı geçmişi.
Metin: CC BY-SA 4.0.
Metin düzenlemesi hakkında
Viki işaretlemesi ve şablonlar çıkarıldı; uzun metinler kısaltıldı.