Sancaqbəyi — Osmanlı Dövlətində müəyyən bir regionu idarə edən şəxs. Osmanlı idarəsindəki inzibati və hərbi strukturda bəylərbəyidən sonra sancaqları idarə edən şəxsdir. Sancaqbəyilər müharibə vaxtı əmri altındakı sipahilər ilə birlikdə bəylərbəylərinin əmri altında olurdular. İmperiyanın sərhəd bölgələrindəki ali rütbəli məmurlar idilər. Osman və Orxan bəy dövründə ən əhəmiyyətli inzibati vahid sancaq idi. Sancağın başında sancaqbəyi dururdu. I Muradın hakimiyyəti dövründə Rumeli bəylərbəyiliyi təşkil edildi. Bəylərbəyiliyin birinci mərkəzi Ədirnə idi. Daha sonra mərkəz Monastır oldu. İldırım Bəyazid dövründə Anadolu bəylərbəyiliyi quruldu. Bəylərbəyiliyin birinci mərkəzi Ankara, sonra Kütahya oldu. Osmanlı imperiyasında fəthlərin davam etməsi nəticəsində genişlənən regionların idarə edilməsini asanlaşdırmaq üçün ölkə əyalətlərə bölünmüşdür.

Detalları Ənənəyə görə, Anadoluda Səlcuqlu hakimiyyətinin sonlarına doğru sancaqbəyliyi xüsusilə ilk Osmanlı hökmdarının mülkvermə (suverenlik) əlamətlərindən biri olmuşdur. İlk Osmanlı tarixlərində, Qaracahisarın Osman Qazi tərəfindən fəthindən sonra Anadolu Səlcuqlu Sultanı III Əlaməddin Keyqubadın bu fəthi qeyd etmək üçün Osmanın qardaşı oğlu Ağ Teymur vasitəsilə ona bir sancaq və bəylik dəsti göndərdiyi məlumatı yer alır. Aşıqpaşazadəyə görə, Osman bununla da sancaq bəyi olmuş və onun adına ilk xütbə oxunmuşdur. Lakin bu dövrlərdə əsas inzibati vahid kimi sancaqbəyliyi termininin istifadə edildiyini söyləmək olmaz. Bunun ən mühüm səbəbi Osmanlıların erkən dövrlərində inzibati termin olaraq sancaqbəyliyindən ziyadə subaşılıq və vilayət kimi anlayışların mövcud olmasıdır. Həmçinin Bursanın fəthindən (1326) əvvəl subaşılıq kimi xarakterizə edilə bilən iki inzibati vahidin mövcud olduğu və onların hər birinin tərkibində iki vilayətin yer aldığı məlumdur. 1386-cı ildə Osmanlı-Qaraman ordusu qarşı-qarşıya gəldikdə, Osmanlı ordusunun düzülüş nizamında yer alan subaşıların sancaq bəylərinə tabe olmayıb onlarla yan-yana və eyni dərəcəli bir hərbi komandan kimi çıxış etməsi diqqəti cəlb edir. Bu vəziyyət, sözügedən dövrlərdə subaşılığın Osmanlı timar sistemi, yəni hərbi təşkilatı daxilində inzibati bir ana vahid xüsusiyyəti daşıdığını göstərir.

İstinadlar

Həmçinin bax Sancaqbəyi oyunu Kateqoriya:Osmanlı imperiyasında titullar Kateqoriya:Osmanlının dövlət işçiləri Kateqoriya:Türk titulları Kateqoriya:Qubernatorluq titulları Kateqoriya:Hakimiyyət vəzifələri Kateqoriya:Osmanlı ordusunun hərbi rütbələri