Cavanşir Kazım oğlu Qurbanov (6 dekabr 1947, Bakı – 21 may 2025) — Azərbaycan idman xadimi, Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, Azərbaycan Milli Güləş Federasiyasının prezidenti, Yasamal rayonu Ağsaqqallar Şurasının sədri və Milli Olimpiya Komitəsinin üzvü.
Həyatı
Təhsili
Qurbanov Cavanşir Kazım oğlu 6 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib.
Ailəsi
Xızı-Bərmək mahalının qədim Xələnc kəndinin pəhləvanlar nəslindən olan Cavanşir Qurbanovun atası Qurbanov Kazım Pənah oğlu Böyük Vətən müharibəsinin iştirakçısı, anası Qurbanova Zəhra Yusif qızı isə evdar qadın olmuşdur. Həyat yoldaşı Qurbanova (Qulamzadə) Zərqələm Ağamusa qızı Masallının Boradigah qəsəbəsində anadan olub. Samirə, Samir və Mircəlal adlı övladları var.
Fəaliyyəti
1968-ci ildən idman sahəsində çalışıb. 1972–1992-ci illərdə Bakı şəhəri Xalq Maarifi şöbəsinin Uşaq-Gənclər Güləş İdman Məktəbinin direktoru vəzifəsində çalışıb.
1972–1973-cü illərdə Mərkəzi Ordu İdman Klubunda hərbi xidmət keçib.
1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü olub.
1995–2006-cı illərdə Güləş Federasiyasının I vitse-prezidenti olmuşdur. 2006-cı ildən 2017-ci ilə qədər Güləş Federasiyasının regionlar üzrə vitse-prezidenti olmuşdur. İşlədiyi dövr ərzində Respublikamızda güləşçilərin hazırlanmasında, onların yüksək nailiyyətlər əldə etməsində əməli və praktiki köməklik göstərib. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub. 2004-cü il Avropa çempionatının bürünc mükafatçısı və Afina Yay Olimpiya Oyunlarında 5-ci nəticə göstərmiş Rüstəm Ağayevin şəxsi məşqçisidir. İdman və bədən tərbiyəsinə aid bir çox elmi-nəzəri-metodik vəsaitlərin müəllifidir..
Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin bədən tərbiyəsi və idman kafedrasının müdiri, professoru olub. "Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti olmuşdur.
2020-ci ildən Yasamal rayon Ağsaqqallar Şurasının sədri olub.
21 may 2025-ci ildə vəfat edib.
Təltif və mükafatları
Keçmiş SSRİ-nin İdman Ustası, Ümumitttifaq dərəcəli hakim, Beynəlxalq dərəcəli hakim. Azərbaycan Respublikasının əməkdar məşqçisi. "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi". Azərbaycan SSRİ "Xalq Maarifi Əlaçısı" nişanı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 5 mart 2008-ci il tarixli Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb. Azərbaycan prezidenti İlham Əliyev Cavanşir Kazım oğlu Qurbanovun II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
İstinadlar
Kateqoriya:"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər