Taktiki səsvermə (strateji səsvermə, mürəkkəb səsvermə və ya qeyri-səmimi səsvermə) seçkilərdə ikidən çox namizəd olduqda baş verir və əsas mahiyyəti seçicinin arzuolunmaz nəticənin qarşısını almaq üçün qeyri-səmimi şəkildə dəstəkləmədiyi, lakin qazanma şansını daha yüksək qiymətləndirdiyi namizədə səs verməsindən ibarətdir. Məsələn, majoritar seçki zamanı seçici daha az üstünlük verilən, lakin məşhurluqda digərlərini üstələyən namizədə səs verməklə "daha yaxşı" nəticə əldə edə bilər.
Gibbard-Sattersvayt nəzəriyyəsi göstərir ki, hər hansı diktatorial olmayan və sonda vahid qalibin seçildiyi səsvermə metodu taktiki səsvermədən təsirlənə bilər. Bununla belə, taktiki səsvermənin növü və onun kampaniya və ya seçki nəticələrinə hansı dərəcədə təsir göstərdiyi bir səsvermə metodundan digərinə nəzərəçarpan dərəcədə dəyişə bilər. Məsələn, tək qalibli seçkilər üçün majoritar seçki sistemi (MSS) iddia edir ki, müxtəlif yollarla taktiki səs vermək stimul və fürsətləri uğurlu şəkildə yarıya qədər azalda bilər. İlk öncə, MSS vətəndaşları namizədləri yox, onların vəzifəyə uyğunluqlarını dərəcələndirmələrini üçün dəvət edir: Əla (ideal), Çox yaxşı, Yaxşı, Məqbul, Zəif və Yararsız (tamamilə uyğun olmayan). Daha sonra isə MSS-in qalibi ən yüksək orta dərəcəyə sahib olan şəxs olur.
Çoxsaylı qalibin müəyyən olunduğu seçkilərdə proporsional seçki sisteminin 5.5.5-ci bölməsindəki "qiymətləndirici proporsional seçki sistemi" hər bir vətəndaşı inandırmağa çalışır ki, onların vicdanlı şəkildə verdiyi səs bu səslər nəticəsində yüksək dərəcə və yaxud səlahiyyətli səsə malik olan seçilmiş namizədin mütənasib olaraq qanunverici hakimiyyətdəki səsvermə gücünü də artırır.
Taktiki səsvermənin növləri Kompromisə getmək (bəzən, "faydalı səs") – Seçicinin qeyri-səmimi şəkildə alternativin qalib gəlməsi ümidi ilə ona yüksək sırada yer verməsi. Məsələn, nisbi çoxluq sistemində seçicilər həqiqətən dəstəklədiyi şəxsin əvəzinə qazanma şansını yüksək hesab etdiyi insana səs verə bilər (misal üçün, qarşı partiyanın məğlubiyyətinə kömək etmək naminə mübahisəli eksterimist yox, əksinə daha mübahisəsiz mülayim namizədin leyhinə səs vermək). Davercer qanunu iddia edir ki, bu səbəbdən nisbi çoxluq sistemi metodları əksər hallarda iki partiyalı sistemlə nəticələnə bilər. Partiyanın yer əldə etmək üçün sahib olmasının zəruri olduğu səslərin minimum faizini özündə cəmləşdirən proporsional seçki metodlarında insanlar kiçik partiyaların bu faizdən aşağı düşməsinin qarşısını almaq üçün taktiki formada səs verə bilər, və ya alternativ şəkildə desək, kiçik partiyaların baxış bucağını dəstəkləyənlər bu kiçik partiyalarla oxşar fikirlərə sahib olan daha böyük partiyalara səs verə bilər.
Dəfnetmə – Seçicinin qeyri-səmimi şəkildə alternativin məğlub olması ümidi ilə ona daha aşağı sırada yer verməsi. Məsələn, Borda və Kondorset metodlarında seçici qeyri-səmimi şəkildə başqasının güclü alternativi məğlub etməsinə kömək etmək üçün bu alternativə son sırada yer verə bilər.
Ən zəif bənd və ya fitnəkarlıq – Taktiki səsvermənin bu növü zəif alternativi daha yüksək dəyərləndirmə nəticəsində baş verir, lakin insanlar bunu alternativin seçilməsi ümidi ilə etmir. Bu, əsasən, ikimərhələli seçki sistemində seçicinin tərəfini tutduğu namizədin artıq növbəti mərhələyə keçdiyinə əmin olduğu zaman baş verir və o, daha sonra tərəfini tutmadığı, lakin növbəti mərhələdə dəstəkçisi olduğu namizədin asanlıqla məğlub edə biləcəyi digər namizədə səs verir. Məsələn, ABŞ-da müəyyən partiyanın seçiciləri bəzən digər bir partiyanın növbəti mərhələdə öz partiyasının namizədi tərəfindən məğlub edilməsinin daha asan olduğu namizədinə səs verirlər. Bu, xüsusilə də, dəstəklənən tərəfin digər partiyanın namizədliyini müdafiə etməsindən sonra baş verir.
Bülleten səsvermə – Bülleten səsvermə ilə seçici bəyənmə səsverməsi, geniş səviyyədə majoritar səsvermə və Kondorset kimi səsvermə metodlarına görə səsvermə zamanı birdən daha seçimi olmasına baxmayaraq yalız bir namizəd üçün səs verir. Seçici üstün tutduğu namizədinə digər potensial rəqiblərə səs verməməklə kömək edir. Bülleten səsvermə səmimi səsvermənin bir növü hesab olunur. Tez-tez bu strategiyaya təşviqlər meydana çıxır və bəzən bu, məhdud səsvermə və kumulyativ səsvermədə faydalı görünür.
Seçkilərdəki real təcrübələr
Amerika Birləşmiş Ştatları Taktiki səsvermənin diqqətləri cəlb edən nümunələrindən biri də 2002-ci il Kaliforniya qubernator seçkiləri idi. Respublikaçılar partiyasının daxili seçkiləri zamanı respublikaçılar Riçard Riyordan (Lon-Ancelesin sabiq meri) və Bill Simon (özünü maliyyələşdirən biznesmen) Kaliforniyanın cari və məşhur olmayan demokratik idarəçisi Qrey Deyvislə qarşılaşmaq üçün şans əldə etmək uğrunda mübarizə aparırdılar. Polls Riyordanın Deyvisi məğlub edəcəyini, Simonun isə bunu bacarmayacağını düşünürdü. Respublikaçıların partiya daxili seçkiləri o zamanlar açıq seçkilər idi və hər kəs özünü şəxsi partiya üzvlüyünə baxmayaraq səs verə bilərdi. Şayiələr ortaya çıxdı ki, Deyvisin dəstəkçiləri Simonun leyhinə səs veriblər, çünki Riyordanın Deyvis üçün daha böyük təhlükə olduğuna inanırdılar. Bu, Davis tərəfindən başladılan və Riyordanı "böyük şəhər liberalı" adlandırdığı antireklam kampaniyası ilə birləşdi. Nəticədə, Simon daxili seçkilərdə son dəqiqədə baş verən biznes qalmaqalına baxmayaraq qələbə qazana bildi. Halbuki o, əsas seçkilərdə Deyvisə məğlub oldu.
Böyük Britaniya 1997-ci il Böyük Britaniya ümumi seçkilərində Demokrat Sol Partiyası Brus Kentə OYQ (Ondan Yaxanızı Qurtarın, ) taktiki seçici kampaniyası yaratmağa kömək etdi və bu kampaniyanın əsas məqsədi Konservativ partiyanın vəzifəni 5-ci dəfə əldə etməsinin qarşısını almaq idi. Bu koalisiya bütün əsas müxalif partiayalara mənsub olan və heç bir partiyaya mənsub olmayan bir çox insan tərəfindən təşkil edilmişdi. OYQ-nin seçkilərin özünə bir başa güclü təsir göstərdiyi demək çətin olsa da, bu, mühüm dərəcədə medianın diqqətini cəlb etməyi və Böyük Britaniya siyasətində ilk dəfə taktiki səsverməni başlıca istiqamət halına gətirməyi bacardı. 2001-ci ildə Demokrat sol partiyanın varisi olan təşkilat — Yeni Siyasət Şəbəkəsi bənzər kampanya təşkil etdi. Taktiki səsvermənin Britaniya siyasətində həqiqi düşüncə tərzi kimi yerləşməsindən sonra bu, ara seçkilərdə və taktiki səsverməni iki partiyalı sistemi aradan qaldırmaq və fərdi seçicinin gücünü artırmaq yolu kimi təqdim edən "tacticalvote.co.uk" kimi saytlardakı inkişafla əks etdirildi. 2015-ci il Böyük Britaniya ümumi seçkiləri üçün "http://voteswap.org " saytı Konservativ Partiyanın hökümətdə qalmasının qarşısını almaq üçün yaradılır və bu, Yaşıl Partiya dəstəkçilərini siyahıya alınmış marjinal yerlərdə Leyboristlər Partiyasına səs verməyə cəsarətləndirməklə mümkün oldu. 2017-ci ildə "swapmyvote.uk" saytı bütün partiyaların dəstəkçilərinə səslərini digər seçki dairələrindəki insanlarla dəyişdirməsinə kömək etmək üçün yaradıldı.
2006-cı ildə Londonda keçirilən yerli seçkilərdə taktiki səsvermə London Strateji Seçici kimi saytlar tərəfindən milli və beynəlxalq məsələlərə cavab olaraq irəli sürüldü. Bu yanaşmanın yerli demokratiyaya nə dərəcədə zərbə vurduğu məsələsi isə müzakirəyə açıqdır.
Şimali İrlandiyada geniş yayılmış inama görə millətçi dayaqlardakı birlikçi seçicilər (əsasən, protestantlar) Şinn Feyn Partiyasının yerləri tutmasının qarşısını almaq üçün Sosial-Demokrat İşçi Partiyasına (SDİP) səs vermişdir. Bu qənaət əldə olunan nəticələrlə seçki dairələrinin demoqrafiyası və səs verən bölgələri müqayisə etməklə əldə olunmuşdur.
2017-ci il ümumi seçkilərində 6.5 milyon insanın (seçicilərin 20%-dən çoxu) ya "Brexit"ə (Böyük Britaniyanın Avropa İttifaqından çıxışı) mane olmaq, ya da "Tactical2017" kampaniyasının başçılıq etdiyi hər hansı Konservativ hökümətin qarşısını almaq yolu kimi taktiki şəkildə səs verdikləri təxmin edilir. Bir çox Yaşıl Partiya namizədləri İşçi Partiyasına Konservativlərlə mübarizədə yerlərini qorumasına yardım etmək üçün yarışdan çəkildilər. Bu, sonda Konservativlərin öz orta səs payını artırmasına baxmayaraq, seçkidə məğlub olması ilə nəticələndi.
2019-cu ildə Konservativ Partiyanın partiyada seçki səsverməsinə son iki namizədi müəyyənləşdirmək üçün kecirilən rəhbərlik seçkilərində qazanma ehtimalı yüksək olan Boris Consonun kampaniyası partiyanın parlamentdə olan bəzi üzvlərini Consonun əvəzinə Ceremi Hantı dəstəkləməyə stimullaşdırdı. Beləliklə, zəif rəqib kimi görünən Hant səsverməni ikinci yerdə tamamladı və bu, partiya səsverməsində daha asan məğlubiyyətə apardı.
2019-cu ümumi seçkilərində taktiki səsvermənin böyük rol oynayacağı gözlənilirdi. Hətta YouGov şirkətinin anketinə görə seçicilərin 19%-nin taktiki şəkildə səs verəcəyi güman edilirdi. Taktiki seçicilərin 49%-i deyirdi ki, onlar öz düşüncələrinə əks olan partiyanın qarşısını almaq üçün bu hərəkətə əl atardılar.
Kanada 1999-cu ildə keçirilən Ontario əyalət seçkilərində strateji səsvermə Mayk Harrisin başçılıq etdiyi Proqressiv Konservativ hökumətin rəqibləri tərəfindən geniş şəkildə dəstəklənirdi. Bu, Harrisin yer tutmasına mane ola bilmədi və yalnız Ontario Yeni Demokratik Partiyasının tarixə düşəcək qədər aşağı səs toplamasının qarşısını almaqda uğurlu oldu.
2004-cü il federal seçkilərində və 2006-cı ildəki daha kiçik ölçülü seçkilərdə strateji səsvermə federal Yeni Demokratik Partiya (YDP) üçün narahatlıq mənbəyi idi. 2004-cü il seçkilərində idarəedici hakimiyyətdə olan Liberal Partiyası bir çox Yeni Demokratik Partiyanı dəstəkləyən seçiciləri Konservativ hökumətə sahib olmaqdan çəkindirmək üçün Liberal Partiyasını səs vermək lazım olduğuna inandırmağı bacardı. 2006-cı il seçkilərində Liberal Partiyası eyni strategiyaya cəhd etdi. Bu dəfə həmin siyasəti yürüdərək Yeni Demokratik və Yaşıl Partiya dəstəkçilərindən Konservativ qalibiyyətin qarşısını almaq üçün Liberal Partiyaya səs verməsini xahiş edən Baş Nazir Pol Martin idi. Yeni Demokratik Partiya rəhbəri Cek Layton isə buna cavab olaraq seçicilərdən səslərini bu partiyaya "borc" vermələrini xahiş etdi və iddia edirdi ki, Liberal Partiyanın strateji səsverməyə baxmayaraq seçkilərdə məğlub olma ehtimalı yüksəkdir.
2015-ci il federal seçkiləri zamanı strateji səsvermə, ilk növbədə, 2011-ci il seçkilərində mərkəzçi və sol meyilli partiyaların arasında cərəyan edən səs parçalanmasından fayda əldə etmiş Stiven Harperin başçılıq etdiyi Konservativ hökumətə qarşı idi. Castin Trüdonun başçılıq etdiyi liberalların Harperin konservativləri üzərindəki inamlı qələbəsindən sonra müşahidəçilər qeyd edirdi ki, Yeni Demolrati və Yaşıl Partiyaya dəstəyin azalması nəticəsində Liberal Partiyada baş verən dəstək artışı, həmçinin müəyyən dərəcədə liberal namizədlər üçün yeridilən strateji səsvermə siyasəti ilə bağlı idi.
Honkonq Honkonqda Her metodu ilə ən böyük qalıq metodunu istifadə edərək keçirilən partiya siyahısının proporsional təmsilçiliyi zamanı demokratiya tərəfdarı düşərgə namizədlərini dəstəkləyən seçicilər səslərini müxtəlif biletlərdə təmsil etməyi düşünürlər. Onlar bunu səslərin bir və ya bir neçə namizəd üzərində cəmlənib boşa getməməsi məqsədi ilə edirlər.
2016-cı il Honkonq Qanunverici Hakimiyyət Seçkisi zamanı taktiki səsvermənin təcrübələri Benni Tay layihəsi "ThunderGo" tərəfindən daha da genişləndirildi. Quruluşa qarşı olan düşərgə 29 səs əldə etdi və bu, tarixi rekord idi.
İspaniya 2015-ci ildəki seçkilərdən və iqtisadi böhrandan sonra Podemos və Vətəndaş Partiyalarında olan inkişafın ardınca İspaniyada baş tutan 2016-cı il ümumi seçkilərində taktiki səsverməyə meyil əvvəlki zamanlardan daha çox idi. Taktiki səsvermə siyasəti yeridən seçicilər İspaniyanın D'Hondt seçki sistemindən yardım aldılar və ölkə tarixində seçkilərdə ən aşağı iştirak göstəricisinə (66.5%) baxmayaraq uğurlu şəkildə seçkinin nəticəsinə təsir etməyi bacardı.
Digər ölkələr