Qəhrəmanlar güclərini birləşdirir () – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi krossoverlərdən ikincisi. Krossover hadisəsinə 1 dekabr 2015-ci ildə “Fleş” teleserialının “Bu günün əfsanələri” adlı seriyası ilə başlanılmış və növbəti gün “Ox” teleserialının “Dünənin əfsanələri” adlı seriyası ilə davam etdirilmişdir. Hər iki seriyada DC-nin spin-off kimi inkişaf etdirdiyi yeni layihə olan “Sabahın əfsanələri” teleserialının personajları da iştirak etmişdir. Krossoverdə Barri Allen / Fleş və Oliver Kuin / Ox, Qırğı-qız və Qırğı-adamın reinkarnasiyaları olan Kendra Sanders və Karter Hollu öldürməyə çalışan Vandal Sevecə qarşı mübarizə aparmaq üçün güclərini birləşdirirlər.

“Fleş Oxa qarşı” adlı birinci krossoverin müsbət qarşılanmasından sonra, The CW prezidenti Mark Pedoviç, Ox Kainatında krossover hadisəsinin hər il baş tutacağını elan edir, 2015-ci ilin yanvarında isə ikinci krossover hadisəsinin baş tutacağı bildirirlir. Həmin ilin sentyabrına kimi hər iki seriya üçün ssenari yazılır, həmin il sentyabrın sonları və oktyabr ayı ərzində isə çəkilişlər həyata keçirilir. Krossoverdə hər iki serialın əsas aktyor heyətinə daxil olan aktyorlar öz rollarını təkrarlayırlar.

Hər iki seriya ümumilikdə müsbət qəbul edilsə də, “Sabahın əfsanələri”nin təqdimatı qarışıq rəylərlə qarşılanmışdır. Reytinqlər birinci krossoverin reytinqlərindən daha zəif olsa da, bütün mövsümün ən yüksək nəticələri əldə edilmişdir. Növbəti il, Ox Kainatının “İşğal!” adlı üçüncü krossoveri təqdim edilmişdir.

Məzmun

Sentral-sitiyə gələn Vandal Sevec, Kendra Sandersi taparaq qətlə yetirməyə çalışır. Sevecin Kendra və Sisko Ramona hücum etməsindən sonra, Barri Allen onların təhlükəsizliyini təmin etmək üçün Star-sitiyə gətirir və Oliver Kuindən kömək istəyir. Qəhrəmanların komandalarını ziyarət edən Malkolm Merlin Sevecin ölümsüz olduğunu deyir. Bir müddət sonra Qırğı-adam Kendranı qaçırır, Oliver və Barri isə Kendranı azad edərək, Qırğı-adamı əsir alırlar. Qırğı-adam özünü təqdim edərək Karter Holl olduğunu, Kendra ilə əbədi birlikdə olmaq üçün and içdiklərini bildirir. İlk dəfə Vandal Sevec tərəfindən öldürülən sevgililər, bir müddət sonra yenidən başqa bədəndə doğulurlar və hər dəfə Sevec onları taparaq qətlə yetirir və beləliklə də, öz ölümsüzlüyünü təmin edir. Bunun üçün Sevec Horun ritual xəncərini istifadə edir.

Karter və Kendranı müvəqqəti olaraq Vandal Sevecdən gizlətməyə çalışan Ox və Fleş komandaları Sentral-sitinin şəhər kənarında yerləşən evə gəlir. Qanadlarından istifadə edə bilməsi üçün, Karter Kendranı keçmiş həyatını xatırlamağa məcbur etməyə çalışır. Barri, Oliver və Merlinlə görüşən Sevec qanadlı cütlüyün təslim edilməyəcəyi təqdirdə Qor əsasının köməkliyi ilə Sentral-siti və Star-sitini məhv edəcəyini bildirir. Oliver keçmişdə görüşdüyü qız Samanta ilə qarşılaşır və onun oğlunun atası olub-olmamasını öyrənməyə çalışır. Barrinin keçirdiyi test nəticəsində Oliverin oğlunun olması məlum olur. Uşağın anası Oliverdən bunu hər kəsdən gizlətməyi tələb edir və əks halda uşaqla görüşməyə imkan verməyəcəyini bildirir. Nəticədə bu hal, Oliver və Felisitinin münasibətlərinin gərginləşməsinə gətirib çıxarır.

Karterin cəhdlərinə baxmayaraq, Kendra keçmişini xatırlayıb döyüşçü qıza çevrilə bilmir. Oliver Sevecə qalib gəlmək üçün plan hazırlasa da, həmin plan baş tutmur və Fleş istisna olmaqla bütün qəhrəmanlar ölürlər. Sevec Sentral-sitini məhv edir. Barri qaçaraq bir gün əvvələ qayıda bilir. O, Oliverə hadisələrin gedişini danışır və onlar başqa plan qurmağa çalışırlar. Bundan sonra Barri Siskonu Kendra ilə danışıb onu ürəkləndirməyə sövq edir, Sisko Kendranın keçmişini xatırlamağa kömək edir. Kendra başa düşür ki, o, Qədim Misirdə yaşamış kahinə Çay-Ayradır, onlar şahzadə Xufu ilə (Karter) birbirlərini sevsələr də, qısqanc rahib Hat-Set (Sevec) onları qətlə yetirmişdir. Bundan sonra Hat-Set sevgililərin ruhunun başqa canlarda dirilməsini təmin edərək hər dəfə onları öldürür və beləcə öz ölümsüzlüyünü təmin edir.

Kendra başa düşür ki, Sevecə qalib gəlməyin açarı Hor əsasıdır. Kiçik komanda yerinə bu dəfə Oliver bütün qəhrəmanları döyüşə çağırır. Əsanın gücünü idarə edə bilmək üçün Sisko və Felisiti xüsusi əlcək hazırlayırlar. Bu dəfəki qarşılaşmada Kendra uça və döyüşə bilir. Barri və Oliver Seveci külə çevirmək üçün əsanı istifadə edirlər. Karter və Kendra döyüşdən sonra komandalara minnətdarlıq edərək köçürlər. Oliver və Felisiti isə komanda ilə birlikdə Star-sitiyə qayıdır. Sevecin ona borclu olduğunu düşünən Merlin onun külünü bir qaba yığır.

Rollarda Əsas və köməkçi Aktyor Personaj Seriya Fleş Ox Qrant Qastin Barri Allen / Fleş Əsas Qonaq Kendis Petton Ayris Vest Əsas Yox Daniella Panabeker Keytlin Snou Əsas Qonaq Karlos Valdes Sisko Ramon Əsas Qonaq Tom Kavanaq Harrison Uells Əsas Qonaq Cessi L. Martin Co Vest Əsas Qonaq Stiven Amell Oliver Kuin / Yaşıl Ox Qonaq Əsas Con Barroumen Malkolm Merlin Qonaq Əsas Emili Bett Rikards Felisiti Smok Qonaq Əsas Uilla Holland Teya Kuin / Spidi Qonaq Əsas Devid Ramsi Con Diql Qonaq Əsas Siara Rene Kendra Sanders / Qırğı-qız Qonaq Qonaq Kasper Kramp Vandal Sevec Qonaq Qonaq Falk Hentşel Karter Holl / Qırğı-adam Qonaq Qonaq Anna Hopkins Samanta Kleyton Qonaq Qonaq Kati Kessidi Lorel Lens / Qara bülbül Yox Əsas Pol Blektron Kventin Lens Yox Əsas Qonaq

Fleş Nil MakDonoh - Demien Dark Teddi Sirs - Cey Qarrik Şantel VanSanten - Petti Spivot

Ox Piter Frensis Ceyms - Dr. Aldus Bordmen

İstehsal İnkişaf

Hər iki teleserialda hadisələr The CW telekanalının yaratdığı uydurma Ox Kainatında baş verir, 2013-2014-cü il televiziya mövsümündə “Ox” teleserialının ikinci mövsümündə Barri Allen obrazı ilk dəfə təqdim edilmiş, bundan sonra “Fleş” teleserialı debüt etmişdir. Növbəti il “Ox”un üçüncü mövsümünün və “Fleş”in birinci mövsümünün səkkizinci seriyası arasında ilk krossover hadisəsi “Fleş Oxa qarşı” baş tutmuşdur. 2015-ci ilin yanvarında The CW prezidenti Mark Pedoviç Ox Kainatında krossover hadisəsinin hər il baş tutacağını bildirmişdir.

2015-ci ilin iyulunda hər iki serialın yaradıcısı və icraçı prodüseri olan Endryu Kreysberq “Ox”un dördüncü mövsümü və “Fleş”in ikinci mövsümünün səkkizinci seriyaları arasında iki hissəli krossover hadisəsinin baş verəcəyini elan edir. 2015-ci ilin avqustunda Kreysberq yeni spin-off serialı olan “Sabahın əfsanələri” teleserialı üçün nəzərdə tutulmuş komandanın əsasının bu krossoverdə qoyulacağını bildirir. Kreysberq deyir ki, “Həm “Ox”, həm “Fleş” həm böyük, həm də kiçik vasitələrlə bizə bu təməli yaratmağa kömək edirlər...Bu krossoverdə Əfsanələrinə pilotuna keçid təşkil edən bir çox hadisələr baş verəcək.”

İki serial arasındakı krossoveri “superqəhrəman qou-qousu” adlandıran Kreysberq deyir ki, “onların hamısını bir yerdə toplamaq çılğınlıqdır.” Hər iki seriyasında bir-biri ilə əlaqəli olmayan hadisələrin baş verdiyi 2014-cü il krossoverindən fərqlənən krossoveri şərh edən “Ox”un icraçı prodüseri Mark Quqqenheym deyir ki, “Bu ilki krossover çılğındır...həqiqətən də, sanki, iki saat davam edən və iki gecə yayımlanan film izləyirsən.”

Kreysberq və Quqqenheym fanatlara bildirirlər ki, hər iki seriya yalnız spin-offun yaradılmasına fikir verməməklə, həm Oliver Kuinin, həm də Barri Allenin macəralarını göstərəcək. Kreysberqqeyd edir ki, “Bu seriyalar həm “Fleş”, həm də “Ox”un müvafiq mövsümlərinin hekayə xəttinin inkişaf etdirilməsində rol oynayır”, Quqqebheym isə əlavə edir ki, ““Fleş” seriyasının sounda kifayət qədər böyük bir köpək balığı göstərilir, biz bu xətti “Ox”da davam etdiririk. Daha sonra biz, Ox personajları ilə elə bir şey edirik ki, ....bu çox epik və mühümdür.”

“Fleş” seriyasında Keytlin və Harri, Zuma qarşı mübarizədə Barrini daha da sürətləndirmək üçün Velositi 6 adlı dərman hazırlayırlar. Kreysberqin sözlərinə görə, “Rahatlıqla demək olar ki, həmin dərman daha bir neçə nəfər tərəfidən istifadə olunacaq, lakin, onların kim olduqları və dərmanın necə təsir etməsini öyrənmək üçün izləyicilərin bir qədər gözləməsi lazımdır.” Teddi Sirs (onun canlandırdığı Cey Qarrik adlı personaj müvəqqəti olaraq sürətini bərpa etmək üçün həmin dərmanı istifadə edir) isə bildirir ki, onun personajının sürətini həmişəlik bərpa etməsi mümkün olmasa da, Velositi 6 onun keçmişi ilə bağlı xatirələrini canlandırması üçün önəmlidir.

Yazılması

2015-ci ilin iyulunda hər iki serialın yaradıcısı və icraçı prodüseri olan Qreq Berlanti deyir:

“Qəhrəmanlar güclərini birləşdirir” krossoverinin ssenarisi 2015-ci ilin sentyabrında yazılmışdır. Berlanti hadisə üçün hekayəni yazmış, Kreysberq və Quqqenheym isə müvafiq olaraq “Fleş” və “Ox” seriyalarının hekayələrinin işlənməsini təmin etmişlər. “Fleş” seriyasının televiziya ssenarisi Aaron və Todd Helbinqlər, “Ox” seriyasının televiziya ssenarisi isə Brayan Ford Sallivan və Quqqenheym tərəfindən işlənmişdir.

Çəkilişlər

Hər iki seriyanın çəkilişləri 25 sentyabrdan 15 oktyabra kimi həyata keçirilmişdir. “Fleş” seriyasının rejissoru Relf Hemeker, “Ox” seriyasının rejissoru isə Tor Freydental olmuşdur. Krossoverin çəkilişlərinin başlanmasından əvvəl “Sabahın əfsanələri” teleserialının bir neçə seriyasının çəkilişləri artıq həyata keçirildiyindən , Berlanti, üç teleserialı bir araya gətirməyin logistika qarabasmalarından da bəhs edir. Bundan əlavə, krossover hadisəsində “Fleş və Oxun bütün personajları da iştirak edirdilər və Əfsanələrin çəkilməsindən əvvəl onların təqdim edilməsi üçün, həmin personajların iştirakı ilə çəkilişlər həyata keçirilmişdi.” Falk Hentşel çəkilişləri, gün ərzində bir çəkilişdən digərinə qaçılan “aktyorluq marafonu” kii təsvir edir.

Çıxarılması Yayımlanması

“AT&T” şirkəti krossover seriyalarının əvvəlcə 22 noyabr 2015-ci ildə yayımlanmasını planlaşdırsa da, sonradan vizual effektlərin işlənməsinə daha çox vaxt vermək üçün həmin tarix təxirə salınmışdır. Krossoverin birini hissəsi olan “Fleş” seriyası 1 dekabrda, ikinci hissə olan “Ox” seriyası isə növbəti gün, 2 dekabrda The CW telekanalında yayımlanmışdır. ABŞ-la paralel olaraq, krossover hadisəsi Kanadada da CTV telekanalı tərəfindən yayımlanmışdır.

Ev üçün buraxılış

Seriyalar “Fleş”in ikinci və “Ox”un dördüncü mövsümünə daxil olan digər seriyalarla birlikdə DVD və Blu-ray formatlarında müvafiq olaraq 6 sentyabr və 30 avqust 2016-cı illərdə satışa çıxarılmışdır. Dəstə həm də pərdə arxası çəkilişlər, audio şərhlər və kəsilmiş səhnələr də daxil edilmişdir.

Qəbulu Reytinqlər

Serial Seriya Yayım tarixi Reytinq/paylaşım(18–49) İzləyici sayı(milyon) DVR(18–49) DVR izləyicilər(milyon) Ümumi(18–49) Ümumi izləyicilər(milyon) Fleş "Bu günün əfsanələri" 1 dekabr 2015 1.4/5 3.94 0.9 2.12 2.3 6.07 Ox "Dünənin əfsanələri" 2 dekabr 2015 1.4/4 3.66 0.7 1.61 2.1 5.27 “Fleş” seriyası 17 fevral 2015-ci ildən bəri serialın ən böyük izləyici nəticəsini göstərmişdir. Seriya, daha əvvəlki, “Qorillanın döyüşü” adlı seriya ilə müqayisədə 18-49 yaşlılar arasında 12% daha çox izləyici toplamışdır. Keçən ilki krossoverlə müqayisədə isə 18-49 yaşlılar arasında izləyici sayı 12% aşağı düşmüşdür. “Ox” seriyası IV mövsümün ən yaxşı izləyici reytinqini göstərməklə, həm də daha əvvəl 3 dekabr 2014-cü ildə yayımlanmış ilk krossover seriyasından sonra teleserialın ən yaxşı nəticəsini göstərmişdir. Ümumilikdə serialın reytinqi 36% artmış, daha əvvəlki “Qardaşlıq” adlı seriya ilə müqayisədə isə 18-49 yaşlılar arasında reytinq 27% artmışdır.

“Fleş” seriyasının Kanada yayımı 2 milyon nəfər tərəfindən izlənmişdir ki, bu da onu, həmin gecənin ən çox izlənən, həmin həftənin isə üçüncü ən çox izlənən şousu olmuşdur. “Ox” seriyasının Kanada yayımı 1.81 milyon nəfər tərəfindən izlənmişdir və bu nəticə ilə də o, həmin gecənin dördüncü, həftənin isə yeddinci ən reytinqli şousu olmuşdur.

Tənqidçilərin mövqeyi