Tofiq Bəhramovun heykəli — Tofiq Bəhramov adına Respublika Stadionunun yanında yerləşən Azərbaycan təlim-məşq mərkəzinin binasının qarşısında yerləşən azərbaycanlı sovet futbol hakimi Tofiq Bəhramovun şərəfinə ucaldılmış abidə. Abidənin müəllifi heykəltaraş Məmmədnicat Salahovdur.. Bu dünyada futbol hakiminə ucaldılmış ilk abidədir.
Tarixi Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Akif İsmayılovun sözlərinə görə 2004-cü ilin may ayının sonlarında Tofiq Bəhramovun heykəlinin yaradılması üçün keçirilmiş müsabiqə bitmişdir. 12 layihə arasından Məmmədnicat Salahovun layihəsi seçilmişdir. Bu layihəyə görə Məmmədnicat Salahov 5 milyon manat mükafat almışdır.
Heykəl 2004-cü il oktyabrın 13-də, Tofiq Bəhramov adına stadionun qarşısında, 2006-cı il Dünya kubokunun seçmə mərhələsi çərçivəsində İngiltərə yığması ilə Azərbaycan yığmasının görüşündən əvvəl açılmışdır. Açılış mərasimində AFFA prezidenti Ramiz Mirzəyev, gənclər və idman naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını İlham Əliyevin adından təbrik etdi.
Mərasimdə 1966-cı ildə Tofiq Bəhramovun rəhbərlik etdiyi Dünya çempionatının final matçında Almaniyaya qarşı qətiyyətli qolun müəllifi Cefri Herst iştirak etmişdir. Açılış mərasimində FİFA prezidenti Yozef Blatter və İcraiyyə Komitəsinin üzvü Mişel Platinidə iştirak edib. Tədbirin sonunda Blatter Tofiq Bəhramov abidəsinə çələng qoydu.
İstinadlar
Kateqoriya:2004-cü ilin heykəlləri Kateqoriya:Tofiq Bəhramov Kateqoriya:Bakıdakı heykəllər